Prezident çıxışında Azərbaycanın qlobal enerji siyasətində mühüm oyunçuya çevrildiyini qeyd etdi. Hazırda ölkə 12 dövlətə, o cümlədən 10 Avropa ölkəsinə təbii qaz ixrac edir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji sahəsində də ciddi addımlar atdığını və bu istiqamətdə beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğuladı.
Dövlət başçısı Azərbaycanın humanitar yardım və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətindən danışdı. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin 80-dən çox dövlətə humanitar və maliyyə yardımı göstərdiyini bildirən Prezident, Azərbaycanın inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığının genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd etdi.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi dağıntılardan bəhs etdi. O, 65 məscidin yerlə-yeksan edildiyini, şəhərlərin tamamilə məhv edildiyini bildirərək, Azərbaycanın bu əraziləri sürətlə bərpa etdiyini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün genişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi.
Forumda çıxışı zamanı Prezident İlham Əliyev ABŞ-ın hazırkı administrasiyasının Azərbaycana qarşı siyasətinə də toxundu. O, ABŞ dövlət katibi Antoni Blinkenin son dövrlərdə Azərbaycana yönəlmiş siyasətinin, əslində, 30 il ərzində qurulan ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurduğunu vurğuladı. Prezident qeyd etdi ki, bu yanaşma regionda sabitliyi və əməkdaşlığı təşviq etmək əvəzinə, gərginliyi artırmaq riski daşıyır. Azərbaycan daim balanslı xarici siyasət yürüdərək qlobal tərəfdaşları ilə sağlam münasibətləri qorumağa çalışsa da, bəzi dairələrin birtərəfli və qərəzli mövqeyi bu münasibətlərə kölgə salır.
XII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal məsələlərin həllində fəal iştirak edir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin beynəlxalq arenadakı nüfuzunu, strateji əhəmiyyətini və sülhə töhfə vermək əzmini nümayiş etdirdi. Forumda səsləndirilən fikirlər gələcək çağırışların fürsətə çevrilməsi üçün vacib istiqamətləri müəyyən etdi.
Bu forum Azərbaycanın qlobal miqyasda sülh, sabitlik və inkişaf üçün önəmli platformaya çevrildiyini bir daha təsdiq etdi.
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi