17 mart 2025 14:51
126

Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə malikdir

Novruz bayramı həm tarixən, həm də müasir dövrdə Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi olaraq dövlətin milli həmrəyliyinin və vətəndaş birliyinin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Bayramın tarixi köklərindən başlayaraq, müasir dövrdə siyasi və mədəni əhəmiyyətinin hərtərəfli təhlili onun ümumi dəyərini daha da artırır.

İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə geniş şəkildə qeyd olunur. Bu bayram yalnız türk xalqlarının milli-mədəni irsi deyil, eyni zamanda bəşəriyyətin ortaq mənəvi dəyərlərindən biri kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində xalqa ünvanladığı təbrikində qeyd etdiyi kimi, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Novruz bayramı yalnız ənənəvi adətlərin yerinə yetirilməsi ilə deyil, həm də milli dəyərlərin, mənəvi və sosial əlaqələrin gücləndirilməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin hər il Novruz bayramı münasibətilə xalqa ünvanladığı təbriklərdə birlik və həmrəylik xüsusiyyətləri xüsusi önəm kəsb edir.

Cənab İlham Əliyevin vaxtilə Novruz bayramı təbriklərində səsləndirdiyi “Biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik” ifadəsi həm dövlətin, həm də xalqın böyük bir məqsəd uğrunda birləşdiyini göstərmişdir. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra dövlət başçısının iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə Novruz bayramının qeyd edilməsi tarixi əhəmiyyət daşıyır. Dövlət başçısı Xankəndidən Azərbaycan xalqına Novruz bayramı münasibətilə ünvanladığı təbrikində qeyd etmişdir: “Buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Novruz bayramı beynəlxalq miqyasda mühüm mədəni hadisə kimi tanınır. Novruz müxtəlif millətlər arasında əlaqələri, mədəni mübadiləni və sülhün təşviqini dəstəkləyən bir bayramdır. Bu, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində əhəmiyyətli bir addım olmuşdur. Novruz yalnız Azərbaycan üçün deyil, digər türk xalqları və region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində bu bayramın 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixlərində UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi, onun bəşəri bir dəyər olduğunu göstərir.

23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək” kampaniyası Novruz bayramının ekoloji aspektini də önə çıxarır. Bayram ərəfəsində ətraf mühitin qorunması və təbiətin bərpasına diqqət yetirilir. Bu təşəbbüs nəticəsində müxtəlif bölgələrdə yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Belə təşəbbüslər Novruz bayramının həm ənənəvi, həm də müasir dövrün çağırışlarına cavab verən yönlərini nümayiş etdirir.

Novruz bayramı sadəcə mədəni bir hadisə deyil, eyni zamanda Azərbaycan xalqının tarixi və müasir inkişafını, dövlətin siyasi və sosial birliyini simvollaşdıran mühüm bir elementdir. Həm yerli, həm də beynəlxalq səviyyədə əhəmiyyət daşıyan bu bayram Azərbaycan tarixində və mədəni həyatında xüsusi yer tutur. Novruz hər zaman xalqın həmrəyliyini, inkişafını və öz torpaqlarına olan sevgisini əks etdirən bir dəyər olaraq qalacaq.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı