17 mart 2025 15:32
141

Tolerantlığı tərənnüm edən bayram

Novruz bayramı uzaq  keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran Novruz  qədimlərdən sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olub. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirib. Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxlaq Novruz Günü elan olunub. Təbii ki, bu böyük bir coğrafiyada yaşayan  insanların milli-mənəvi yaddaşına dünyanın ən mötəbər təşkilatı səviyyəsində verilən qiymətin bariz nümunəsi, özündə saflığı, paklığı, ali insani dəyərləri təcəssüm etdirən, həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın təntənəsidir. Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümüdür. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.  28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.  2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir. Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev xalqımızı azad edilmiş ərazilərdən təbrik edir. Hər təbrikində bu reallıq böyük qürur hissi ilə qeyd edilir ki,  biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.  Bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!

Həbib Cəfərov,
​YAP Astara rayon təşkilatının sədri