17 mart 2025 15:58
235

Ədalətin və beynəlxalq hüququn aliliyinin mücəssiməsi

Fikrimcə, son günlərin ən maraqlı, ən diqqəti cəlb edən, eyni zamanda ədalətin, beynəlxalq hüququn aliliyinin mücəssiməsi baxımından çox əhəmiyyətli xəbərlərindən biri yayıldı. Lakin təəccüblüsü odur ki, bu məlumat nə ölkə daxilində, nə də dünya miqyasında kifayət qədər tirajlanmadı, təhlil edilib, təşviq edilmədi.   

Belə ki, martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunması ilə bağlı Yekub Rəyi dərc edildi(A/HRC/WGAD/2024/46). Sözügedən sənəddə, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyası və girov müqabilində azad olunmaq, həbsə alternativ tədbirlər seçilməsi hüquqlarının pozulduğu, öz müdafiəsini hazırlamaq  üçün kifayət qədər vaxt və imkan yaradılmaması və digər hüquqlarının pozulmasına dair iddialara baxılmış, nəticə olaraq iddiaların heç birinin öz təsdiqini tapmadığı barədə son qərar öz əksini tapıb. 

İşçi Qrupu həmin rəyində göstərir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.

R.Vardanyanın işi əlaqədar mətbuatda və vəzifəli şəxslərin publik çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialarla bağlı Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair “əsaslı şübhələr müəyyən olunduğu”na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.

İşçi Qrupu öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib. Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunduğu sözügedən rəydə qırmızı xətlə xüsusi vurgulanıb.

Rəylə bağlı yayılan qısa və rəsmi xülasə belədir. Amma əslində isə bu məsələ bu gün ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatların daha çox siyasi manipulyasiyalara və ya digər təsir və təzyiqlərə məruz qalaraq həqiqətlərdən və faktlardan daha çox digər meyarlara üstünlük verərək ictimai rəyə təsir edən, qərəzli, obyektivlikdən kənar bəyanatlar verdiyi bir dönəmdə, BMT İşçi Qrupunun Azərbaycanın təqdim etdiyi hüquqi əsasları qəbul edib və Ruben Vardanyanın həbsinin əsassız olması ilə bağlı iddiaları rədd etməsi, obyektiv qərar verməsi bir neçə baxımdan diqqətə layiqdir:

1.Bütün bu prosesdə bir məqam xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində sülh və insanlıq əleyhinə, terrorçuluq və digər cinayət əməllərinə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edən şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqə və resursları hesabına onun barəsində müraciət BMT İnsan Hüquqları Ali Komissarlığınadək çıxarılıb. Yəni, artıq ölkəmizdə bərqərar olmuş dəqiq hüquq texnologiyalarına əsaslanan hüquq təcrübəsi və beynəlxalq hüquq diplomatiyası qarşısında belə mütəşəkkil, külli miqdarda maddi və kifayət qədər güclü siyasi qaynaqlara söykənən, təşkilatlanmış səylər belə faydasızdır.

2.Bu, ölkəmizdə həyata keçirilən tədbirlərin, siyasi iradənin gücünü,  məhkəmə-hüquq sistemində aparılan islahatların effektivliyini,  cinayət-prosesual hərəkətlərin nəinki ölkə qaninvericliyinə uyğun, həmçinin beynəlxalq hüquq normalarına tam uyğun şəkildə aparıldığını sübut edir. Əminəm ki, BMT İnsan Hüquqları Ali Komissarlığı belə bir qənaətə gəlmək üçün bütün prosesləri, sənədləri diqqətlə araşdırıb, “mikroskop” altında təftiş edib, zərgər dəqiqliyi ilə ölçüb-biçib. Ələlxüsus da, həm ölkədaxilindəki “sapı özümüzdən olan baltalar”ın, yəni ağzıgöyçəklərin, həm də dünya miqyasında Azərbaycanı sevməyənlərin daim diqqətdə saxladıqları, davamlı olaraq şüvənlik saldıqları, qarayaxmalar, qərəzli ittihamlarla çıxış etdikləri bir dövrdə bu cür birmənalı və cəsarətli bir münasibətin sərgilənməsi böyük məsuliyyət, obyektivlik və peşəkarlıq tələb edirdi.  

3.Üçüncüsü, bu dünyada Azərbaycana qarşı mütəşəkkil şəkildə ədalətsiz mübarizə aparan, erməni lobbisinin, erməni milyonçularının (o cümlədən Vardanyanın özünün) böyük pulları hesabına ektaza gələn mürtəce qüvvələrin, siyasi və maliyyə güc mərkəzlərinin birmənalı olaraq məğlubiyyətidir.

4.Bu, ölkə ictimaiyyətinə, həmçinin dünyaya bir mesajdır. Azərbaycan dövlətinə, millətinə qarşı cinayət törətmiş, əlləri qana bulaşmış, dövlət hakimiyyətini, vətəndaşlarını təhdid edən, terror törədən və ya  hədələyən, onun irqindən, dinindən, etnik mənsubiyyətindən, sosial mənşəyindən,  pulundan, var-dövlətindən, arxasına dayanan qüvvələrin gücündən və s. asılı olmayaraq  hər kəs layiqli cəzasını alacaq. Bu, həm də bu gün Avropada və s. yerlərdə  gizlənərək ölkəmizə qarşı təhqir, iftira-böhtan kompaniyası aparanlara da bir siqnaldır.

5.Bu, Azərbaycan vətəndaşlarınının öz dövlətinə, onun gücünə olan inamı, etimadı artırır. Ölkəmizin beynəlxalq imicinə müsbət əlavələr edən bir faktdır.

6.Bu, dünyanın qarışıq və çətin dövründə, daha çox haqqın ədalətin əzildiyi, ikili standartların hökm sürməsi ilə bağlı saysız-hesabsız iradların səsləndiyi belə bir dövrdə, hələ də qanunun aliliyinə, beynəlxalq hüquqa dəyər verildiyini, ədalətə, obyektivliyə  söykənən  beynəlxaql qurumlara inamı bərpa üçün bir zəmindir.   

7.Daim bizim bir dövlət olaraq ən zəif tərəfimiz öz hüquqlarımızı, haqqımızı yetərincə müdafiə edə bilməməyimiz, bu və ya digər məslələrdə həqiqəti dünayaya çatdıra bilməməyimiz, sübuta yetirə bilməməyimiz, haqlı olsaq da, haqsız durumda qalmağımız olub. Sirr deyil ki, dəfələrlə yerli və beynəlxalq çaplı psevdodemokratlar, “insan haqları müdafiəçiləri”,  ölkəmizə qarşı qatı cinayət törədən, terorçuluqda, separatizmdə, dini radikalizmdə, dövlət çevirlişinə cəhdlərdə, dövləti cinayətlərdə və s. ittiham olunan bəzi cinayətkarları dünyaya “siyasi məhbus” kimi sırımağa nail olub, hətta bunu ölkəmizə qarşı bir alət kimi istifadə etməyə cəhdlər də ediblər. Bu son hadisə isə cinayətkarların və onların havadarlarının bütün canfəşanlıqlarına baxmayarq, haqlı işimizi bütün dünyaya sübut etməyi bacaran, peşəkarların, xüsusilə də hüquq-mühafizə orqanlarında,  məhkəmə-hüququ sistemində, xüsusi xidmət orqanlarında, Penitensiar xidmətdə də öz vəzifələrinin öhdəsindən bacarıqla gələn, qanunun aliliyin təmin edən yüksək səviyyəii peşəkarların olduğunu sübutudur. 

Əlbəttə, separatçıların liderlərinin Ermənistana təhvil verilməsi tələbləri də, Vardanyanla bağlı yalançı iddialarla ölkəmizi qarşı ittihamlar da, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini, suverenliyinin bərpasını tanımaq istəməyən, ölkəmizin uğuralarını, regional gücə çevilməsi faktını qəbul etmək istəməyən, beynəlxalq siyasi və maliyyə güc mərkəzlərinin dəstəyinə güvənən erməni diasporunun millətçi dairələrinin Bakıya qarşı informasiya müharibəsini davam etdirdiyi son cəhdlərdəndir. Azərbaycan Respublikasına əks cəbhədə olan mütəşəkkil, külli miqdarda maddi və kifayət qədər siyasi qaynaqlara söykənən, təşkilatlanmış, “güclü mexanizmin”, o cümlədən erməni lobbisinin məğlubiyyətidir. Bu həmlə, bu məğlubiyyət, bəlkə də son olmasa da, amma sonunculardandır.  Şübhəsiz ki, bu cür davranışlar davam edəcək, hələ belə hoqqalar, oyunbazlıqlar çox olacaq. Amma hər dəfə belə ciddi zərbələr aldıqca, məğlubiyytlərə uğradıqca onların havadarları, maliyyə mənbələri xəyal qırıqlığına uğrayır, daha belə “rentabelsiz işlərə” pul xərcləmək, sərmaya qoymaq həvəsləri azalır. Açıq və gizli düşmənlərimiz  beynəlxalq strukturlarda, bu cür mübarizələrdə nə qədər çox uduzsalar, onlar tərəfdən aparılan revanşizm, qisasçılıq çağırışlarının,  çabalarının əhəmiyyətsiziliyi, bir o qədər də  Azərbaycana qarşı bütün təzyiq cəhdlərinin faydasızlığı aydın olacaq, bir o qədər də  ölkəmizdə, həmçinin bütövlükdə regionda  sabitliyin  və təhlükəsziliyin təminatı artacaq.

Əhməd Abbasbəyli,
Siyasi şərhçi