18 mart 2025 01:58
220

Yəhudilər 1600 illik sədaqətli dostlarımızdır

Yəhudi və Azərbaycan xalqlarının dostluğunun tarixi eramızın V-VI əsrlərindən başlanır. Onlar Sasanilərin hakimiyyəti illərində bu ərazidə yaşamışlar. O vaxtlardan iki xalq arasında mehriban dostluq əlaqələri sarsılmaz olub və dinc yanaşı yaşayıblar. Yəhudilər uzaq əsrlərdə də Azərbaycana həmişə öz dəstəklərini veriblər. Biz bu dost köməyini ən ağır vaxtlarımızda, xüsusilə Ermənistanın ərazilərimizi işğal etdiyi dövrdə də görmüşük. Onlar bu gün də beynəlxalq müstəvidə ölkəmizin haqq işini müdafiə edirlər.

Bu günlərdə ABŞ-da 50-dən çox ravvin Prezident Donald Trampa iki məsələ ilə bağlı müraciət edərək “İbrahim sazişləri”nin genişləndirilməsini və bu prosesə türk dövlətlərinin, ilk növbədə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın daxil edilməsini istəyib. İkinci müraciətdə isə Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in ləğv olunmasının vacibliyi vurğulanır. Bildirilir ki, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə bu cür müraciətlər etməyi planlaşdırırlar.

Müraciəti imzalayan ABŞ və Kanadadan olan dini liderlər qrupuna Saymon Vizental Mərkəzinin yaradıcısı ravvin Marvin Hayer və Donald Trampın kürəkəni Cared Kuşnerin dostu, Birləşmiş Ərəb Əmirliklərinin baş ravvini Əli Abadi rəhbərlik edir.

ABŞ Prezidentinə müraciətdə ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Azərbaycanın hələ də Vaşinqtondan dəstək almaması təəssüflə vurğulanır. Həmçinin müharibədən ciddi zərər çəkən ölkənin hələ də “907-ci düzəliş”ə əsasən sanksiyalara məruz qalması və bu sənədin ona ABŞ yardımının təqdim edilməsi imkanlarını məhdudlaşdırdığı qeyd olunur.

İsrailli tarixçi Avraham Şmuleviç bu addımı yaxşı təşəbbüs kimi qiymətləndirib: “Mən də bir ravvin olaraq bu sənədə imzamı atmaq istərdim. Yəhudi icması ilə Azərbaycan hakimiyyəti və xalqının çox yaxşı dostluq münasibətləri var. Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq əlaqələrinə malikdir. Bu baxımdan, əlbəttə ki, İsrail Azərbaycan və ABŞ arasında münasibətlərin normallaşmasında maraqlıdır. “907-ci düzəliş” ədalətsiz qərar idi. Ermənistan Silahlı Qüvvələrinin Qarabağda törətdiyi etnik təmizləmə faktları hamıya məlumdur. Bu, o zaman ABŞ administrasiyası tərəfindən sərt tənqid edilmədi və Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan Silahlı Qüvvələri isə Qarabağa nəzarəti bərpa etdikdən sonra orada yaşayan ermənilərə qarşı heç bir zorakılıq əməlləri törətməyib. Buna görə də “907-ci düzəliş” ləğv edilməlidir”.

Yeri gəlmişkən, tarix boyu Azərbaycanda məskunlaşan yəhudilər xalqımızla birlikdə yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparıblar. Yaxın tariximizdə bu dostluğa, qardaşlığa dair saysız-hesabsız nümunələr var. Məsələn, 1918-ci il mart soyqırımı günlərində qaniçən cəllad polkovnik Hamazaspın başçılıq etdiyi erməni silahlı dəstələri azərbaycanlılarla bərabər yəhudiləri də kütləvi surətdə qırmışlar. Birinci və İkinci Qarabağ müharibələrində yəhudi gəncləri Azərbaycanın azadlığı uğrunda vuruşaraq həlak olmuşlar. Tankçı Albert Aqarunov igidliklə döyüşərək ən yüksək döyüş mükafatına-Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onun məzarı gənclərimizin and yerinə çevrilib. Biz canını Vətən üçün əsirgəməyən qəhrəman Albertimizin müqəddəs ruhunu daim böyük hörmətlə yad edirik.  O, tariximizdə iki xalqın qəhrəmanı kimi əbədi yaşayacaqdır.

Vəli İlyasov, “İki sahil”