18 mart 2025 08:19
137

Rumıniya Energetika Nazirliyi: Türkmənistan Cənub Qaz Dəhlizinin genişləndirilməsində mühüm rol oynaya bilər

Türkmənistan Cənub Qaz Dəhlizinin genişləndirilməsində mühüm rol oynaya bilər.

Bu barədə Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nițulesku bildirib.

"Türkmənistan Cənub Qaz Dəhlizi və Şaquli Qaz Dəhlizi çərçivəsində layihələr üçün təbii qaz tədarükçüsü kimi mühüm töhfə verə bilər. Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları strateji əhəmiyyət daşıyır, çünki Balkan və Cənub-Şərqi Avropa ölkələri üçün yeni qaz tədarükçüləri tələb olunur. Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəkləyir və bu məqsədə çatmaq üçün təcili tədbirlər və konkret addımların atılmasının vacib olduğunu hesab edir. Türkmənistan qaz ehtiyatlarının əhəmiyyətli olması sayəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsində mühüm rol oynaya bilər, əgər uyğun nəqliyyat həlli tapılarsa", - deyə o bildirib.

Nițulesku vurğulayıb ki, Rumıniya Türkmənistanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlmiş enerji təhlükəsizliyi layihələri üzrə beynəlxalq dialoqda aktiv iştirakını və ölkənin öz enerji bazarını qlobal bazara inteqrasiya etmək, eləcə də Avropa üçün rəqabətqabiliyyətli qaz tədarükçüsü olmaq istəyini yüksək qiymətləndirir.

"Türkmənistandan böyük həcmdə qazın Avropa bazarına daxil olmasına imkan yaradacaq alternativ nəqliyyat marşrutlarının inkişafı maraq doğurur", - deyə dövlət katibi bildirib.

Onun sözlərinə görə, Rumıniya Türkmənistanın neft-qaz sənayesinin inkişafını və ölkələr arasında əməkdaşlıq imkanlarının həyata keçirilməsi potensialını nəzərə alaraq, Türkmənistanla enerji əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.

"Enerji əməkdaşlığı Rumıniya və Türkmənistan arasında ikitərəfli dialoqun strateji komponentidir. Əməkdaşlıq üçün reallaşdırılmamış real potensialın mövcudluğunu nəzərə alaraq, türkmən tərəfdaşlarla birbaşa dialoq enerji sektorunda yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasına imkan verə bilər. Rumıniya, Avropa İttifaqının üzvü kimi statusu, coğrafi mövqeyi və strateji regional enerji layihələrində iştirakı sayəsində Türkmənistanın enerji resurslarının Avropa bazarına çıxışı üçün uzunmüddətli imkanlar təklif edə bilər", - deyə o bildirib.

Trend