HƏMAS İsrailin Qəzza zolağında döyüş əməliyyatlarını yenidən başlatmaq qərarını girovlar üçün "ölüm hökmü" adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsinin müvafiq bəyanatı hərəkatın telegram kanalında dərc olunub.
“İsrailin Baş naziri Benyamin Netanyahu təkcə ərzaq və dərmanların çatdırılmasına mane olmayıb, həm də Qəzzadakı uşaqları öldürüb. İşğalçı bütün dünya və vasitəçilər qarşısında öhdəliklərini yerinə yetirməyib. Netanyahu daxili böhranlardan özünü xilas etmək üçün məhvetmə müharibəsini yenidən başlatmaq qərarına gəlib", - hərəkatın bəyanatında bildirilib.
Qeyd edilib ki, İsrailin müharibəyə qayıtması əsirləri qurban vermək və "onlara ölüm hökmü çıxarmaq" qərarıdır. HƏMAS-ın nümayəndəsi vurğulayıb ki, İsrailin addımları "ərəb və İslam ölkələrindən, eləcə də beynəlxalq ictimaiyyətdən mülki əhaliyə qarşı qəddarlığın qarşısını almaq üçün tədbirlər görməyi tələb edir".