18 mart 2025 21:30
108

Bu da layiq olduqları acınacaqlı son...

“Amerikanın səsi” (Voice of America) və “Azadlıq radiosu” (Radio Free Europe/Radio Liberty) uzun onilliklər ayrı-ayrı dövlətllərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Özü də bu çirkin oyunlar USAID-ın “humanitar” yardım göstərmək adı ilə bu media qurumlarına ayırdığı “qrant”lar vasitəsilə həyata keçirilib. 

ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın səsi” uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. İndi bu qurumlar layiq olduqları yerdədirlər. Belə ki, Donald Tramp administrasiyası USAID-in ardınca “Amerikanın səsi” və “Azadlıq radiosu”  “Azad Avropa/Azadlıq Radiosu”nun da hökumətdən maliyyələşdirilməsinə son qoyub. Bu erməni lobbisinin, həmçinin dünya ölkələrində qarışıqlıq, sabitliyin pozulmasında maraqlı qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Hətta onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər.

Yeri gəlmişkən qeyd edək ki, rəsmi Bakı dəfələrlə Azərbaycanın dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən bu strukturların qərəzli və ikili yanaşmasını əsaslı faktlarla sərt tənqid edib. Məsələn, Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə diqqət çəkərək USAID-in maliyyə vəsaiti hesabına anti-Azərbaycan kampaniyası aparan “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi media qurumlarının əsl mahiyyətini açıb.  Hətta bildirmişdi ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Məsələn, “Azadlıq radiosu” korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham olunan, bu əməllərinə görə 11 il müddətinə azadlıqdan məhrum edilən, erməni əsilli həyat yoldaşı Haykanuşun - Nadine Menendesin (Arslanyanın) “məsləhət”ləri ilə oturub-duran erməni lobbisinin əsas simalarından biri, keçmiş amerikalı senator Bob Menendesin  ittiham işinə  bircə dəfə də olsun toxunmayıb. Amma türkofob, anti-Azərbaycan fəaliyyəti ilə seçilən Menendesin Türkiyənin, Azərbaycanın əleyhinə olan fikirlərini, həmçinin “erməni soyqırımı”nı tanımaq çağırışlarını bəh-bəhlə tirajlayıb. Bu qurum otuz il ərzində Azərbaycanın suverenliyinin pozulmasını, bir milyondan çox insanın qaçqın və məcburi köçkün düşməsini açıq şəkildə dünyaya təqdim etməyib. Şübhəsiz, bu da birmənalı şəkildə onların sifarişlər əsasında fəaliyyət göstərdiklərindən xəbər verir.

Bəli, bu media qurumları İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror əməliyyatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri zamanı da öz çirkin təbliğatlarını davam etdiriblər. Bununla da onlar Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə hədəfləyiblər. Bir sözlə, onlar sözün həqiqi mənasında Cənubi Qafqazda əmina-amanlığa qənim kəsiliblər.  Bu aspektdən çıxış etsək, bu addımı milli maraqların və təhlükəsizliyin təmin olunması, xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması üçün labüd addım kimi dəyərləndirmək olar. Son məlumata görə, “Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü susub.

Bəli,  Donald Tramp administrasiyası bu qurumlara layiq olduqları yeri göstərib. Uzun onilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar aparan bu qurumların fəaliyyətinə son qoyulmalı idi və qoyuldu da. 
Qeyd edək ki, fevral ayında ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və “Amerikanın səsi” radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”