18 mart 2025 10:40
119

Azərbaycan uğurlu təcrübəyə malıkdir

Son onilliklər ərzində Prezident İlham Əliyevin siyasi iradəsi və əzmi sayəsində Azərbaycan beynəlxalq aləmdə özünü sabitlik adası kimi tanıtdıra bilib. Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. İctimai-syasi sabitlik, asayişin etibarlı şəkildə bərqərar olması eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, davamlı inkişafın təmin edildiyi ölkə kimi qəbul edilməsini şərtləndirən ən mühüm amillərdən biridir.

Bu günlərdə açıqlanmış “Global Terrorism Index 2025” hesabatına əsasən dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralamasında Azərbaycan “0.233” indekslə 2024-cü illə müqayisədə daha da yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə nail olub.

Qeyd edək ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi riski olan ölkələrin sıralama indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır. Bu göstəricinin nüfuzu həm də onunla əlaqəlidir ki, İqtisadiyyat və Sülh İnstitutu tərəfindən dövri olaraq açıqlanan  “Global Terrorism Index” hesabatları beynəlxalq akademik institutlar, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edir.

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub. Bu faktın özü ona dəlalət edir ki, Azərbaycan dövlətinin güclənməkdə davam edən imkanları bu özülü zəiflətmək istəyən istənilən qüvvənin qarşısını almağa hər an qadirdir. 

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Dünyada baş verən ağır müharibələr, silahlı toqquşmalar, qarşıdurmalar, bölgədəki yeni geosiyasi reallıqların formalaşması və sülhə doğru atılan qətiyyətli addımlar fonunda siyasi-ictimai sabitlik daha aktualdır və mühüm səciyyə daşıyır. Mübaliğəsizdir ki, ölkə daxilində xalq-iqtidar birliyinə söykənən əmin-amanlıq dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəm dayaqlar üzərində qorunması və inkişaf etdirilməsi üçün ən vacib şərtdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə bu məsələyə də toxunaraq mövcud geosiyasi şəraitdə sabitliyin böyük üstünlük olduğunu vurğulamışdır: “Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir”.

Əli Hüseynli,
​Milli Məclisin deputatı