19 mart 2025 15:46
177

Novruz həmrəylik, dostluq və  milli birlik bayramıdır

Vaxtı ilə Ulu Öndər Heydər Əliyev deyirdi ki : “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ümummilli Liderimiz bu sözləri elə inamla deyirdi, hər kəsdə bir ümid yaranırdı. Onun başladığı işi ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli ordumuz sona çatdırdı. Prezident İlham Əliyev də  çıxışların da qeyd edirdi ki: “Novruz bayramını  bir gün Qarabağda qeyd edәcәyik”  Və artıq zaman o zamandır ki, biz Ümumxalq bayramımız olan Novruzu Qarabağda, Şərqi Zəngəzurda  böyük qürur hissi ilə keçiririk. 5 ildir ki, bütövlükdə Azərbaycan xalqı, dünyanın dörd bir yerində  yaşayan azərbaycanlılar  ruh yüksəkliyi və möhtəşəm təntənə ilə bu bayramı keçirir.  Hamımızın arzuladığı həmin gün gəldi.  Prezident İlham Əliyev, Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə    2021-ci ildə  Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə  Xankəndində, 2025-ci ildə isə Ağdərənin Həsənriz kəndində Novruz tonqalını yandırdı, xalqımıza  bayram  təbriklərini çatdırdı. Bütün bunlar hər birimizdə xüsusi əhval-ruhiyyə yaradır.

Çünki Novruz- indiyə qədər öz qüvvətli təsirini saxlayan ən kütləvi xalq və həm də ailə bayramıdır.  Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Ulu Öndər Heydər Əliyev bu bayramın əhəmiyyətini, onun əsas xüsusiyyətlərini belə qiymətləndirirdi:  “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram  milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı  unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək  əxlaqi-mənəvi  keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş  birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində, eləcə də 23 saat davam edən antiterror əməliyyatında hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Artıq işğaldan azad olan  bütün torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. 

Novruz bayramı milli dəyərlərin, mahiyyəti etibarilə milli varlığın qorunma vasitəsidir. Bu yanaşma Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində keçirilməsində  Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidməti vardır. Bu, Ulu Öndərin  öz xalqına, onun qədim, zəngin tarixinə,  mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bütün həyatı və siyasi fəaliyyəti dövründə milli dəyərlərimizə ehtiram göstərən Ümummilli  Lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan  sonra milli və tarixi bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Novruz milli birlik bayramı olmaqla yanaşı, hələ qədim zamanlardan dünya xalqlarının bayramı kimi də qeyd olunur.  Belə ki, Novruz Cənubi Azərbaycanda, Qafqazda, Mərkəzi Asiyada, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda və Qırğızıstanda da qeyd edilir.  Kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Elə Novruz çərşənbələri də bu ünsürlər üzərində qurulub. Çərşənbələr hər il Novruz bayramından, yəni, günün bərabərləşməsindən bir ay əvvəl qeyd olunur. Novruz bayramı artıq dünyada tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə  YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsi tərəfindən Novruz bayramının qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də, BMT-nin Baş Məclisinin  martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıması Azərbaycanın milli siyasətində Novruzun milli özünü təşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir.  Bu bayramda  hər kəs yad edilir,  insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir.  Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Qazilərimizə Allahdan şəfa diləyirik!   Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu, bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən,  davamlı olaraq iqtisadi imkanları və beynəlxalq nüfuzu artan, geosiyasi proseslərə əsir etmək  gücünə malik bir ölkədir. Böyük fəxarət hissi ilə deyirik ki, indi Novruz tonqalları Azərbaycanın hər bir  şəhərində, kəndində alovlarınır! Bir daha xalqımız Milli- tarixi bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanın qüdrəti daha da artsın, daim inkişaf etsin!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor