19 mart 2025 20:21
112

Yeni təsdiq edilən süni intellekt strategiyası sahibkarlara yeni biznes imkanları yarada bilər - EKSPERT

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası təsdiqlənib. Hər bir strategiyanın, eləcə də dövlət proqramlarının əsas hissəsini tədbirlər planı təşkil edir. Bu planda tədbirlərin daha hədəfyönümlü olduğu üçün tədbir sayı 14-ə bərabərdir. Dövlət qurumları arasında daha çox əsas icraçı funksiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aiddir. Digər əsas icraşılar isə Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyidir. Digər icraçı qurumların sayı isə 5-dir. 

Bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov “İki sahil”ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə "digər icraçı” kimi daha bir neçə qurumu əlavə etmək olardı. Məsələn, 8.4.2-ci tədbirdə İpoteka və Kredit Zəmanət Fondunu əlavə etmək effektivliyi daha da artırmış olardı. Belə ki, 8.4.2-ci tədbir ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsinə aiddir.  Hazırda bu fonda sahibkarlığa yönəlik zəmanət mexanizmləri də mövcuddur. Bu strategiya çərçivəsində yeni zəmanət mexanizminin gercəkləşməsində İKZF önəmli rol oynaya bilər.

Ümumilikdə isə bu strategiya sahibkarlar üçün dövlətin sektoral dəstəyi, sahibkarlara yeni biznes imkanları yarada bilər. Ölkə iqtisadiyyat üçün sektorların prioritetləşdirilməsi iqtisadi inkişafı sürətləndirə bilər. Qeyri-iqtisadi sahələr üçün isə effektiv idarəetməyə xidmət etmiş olar. Həmçinin beynəlxalq aləmdə ölkənin nüfuzunu gücləndirilməsinə, məlumat təhlükəsizliyinin təminatına, sözügedən istiqamət üzrə kadr potensialının formalaşmasına və digər istiqamətlərə öz müsbət töhfəsini verə biləcəyini düşünürəm.