19 mart 2025 22:35
97

Süni intellekt strategiyasının uğurlu icrası nəticəsində qlobal rəqabətə uyğun, dayanıqlı və effektiv sistem qurulacaq

Süni intellektə strateji baxış Azərbaycanın rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq

Bu gün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da süni intellektin inkişafı ilə bağlı milli strategiya qəbul edilib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qlobal çağırışlar və IV Sənaye İnqilabı ilə əlaqədar atılan addımlar, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı infrastruktur” konsepsiyalarının reallaşdırılmasına, xüsusi əhəmiyyətə malik innovativ layihələrin həyata keçirilməsinə diqqət qabaqcıl texnologiyaların tətbiqinə dövlət siyasəti çərçivəsində geniş dəstək göstərildiyini nümayiş etdirir.

2024-cü il yanvarın 1-nə Azərbaycan Respublikasında internet istifadəçilərinin sayı 9,19 milyon nəfər  olmuşdur və internetdən istifadə səviyyəsi əhalinin 88,0 faizini təşkil edib. Genişzolaqlı internet istifadəçilərinin sayı isə 2,1 milyonu keçmişdir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Elektron Hökumətin İnkişafı İndeksi”nin 2024-cü il hesabatında 193 ölkə arasında 74-cü yerdə qərarlaşır ki, bununla da ölkəmiz ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” qrupuna daxil olmuşdur. Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunmuş, həmçinin dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim edilən elektron xidmətlərdən geniş istifadə edilməkdədir.

Azərbaycanın rəqəmsallaşma və innovasiyalara sadiqliyi onu texnoloji tərəqqi uğrunda qlobal yarışın önünə çıxarıb. Azərbaycanın süni intellektlə bağlı təşəbbüslərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də 2023-cü ilin fevralında Dubayda keçirilən 10-cu Dünya Hökuməti Sammitində Qlobal Hökumət Mükəmməlliyi Mükafatını qazanan və Dünyanın Ən Yaxşı Hökumət Xidməti seçilən “ASAN xidmət”dir. Bu innovativ platforma bütün dövlət xidmətləri üçün bir pəncərə təmin etməklə və bürokratik prosesləri sadələşdirməklə vətəndaşların hökumətlə qarşılıqlı əlaqəsini dəyişib.

 Dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022– 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkəmizin rəqəmsal iqtisadiyyata keçidinin sürətləndirilməsi, bunun üçün əlverişli infrastrukturun yaradılması və 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması tədbirləri müəyyənləşdirilib. Eyni zamanda, dövlətimizin başçısının 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi, eləcə də onlara qarşı görülməli tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqinin təşkil edilməsi nəzərdə tutulur. Bu mənada süni intellekt sistemlərinin tətbiqi üzrə əlverişli infrastrukturun yaradılması, rəqəmsal xidmət sahələrinin müəyyən edilməsi və inkişafı xüsusi strateji əhəmiyyətə malikdir.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu mənada “Azərbaycan Respublikasının 2025– 2028-ci illər üçün süni intellekt Strategiyası” ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

2025–2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni 4 intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ-hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcəkdir. Süni intellektin inkişafı məqsədilə Strategiyanın formalaşdırılması ölkənin beynəlxalq indekslərdə, o cümlədən “Hökumətin Süni İntellekt Hazırlıq İndeksi”ndə irəliləməsinə töhfə verən əsas göstəricilərdən birinə çevriləcəkdir.

Prezident İlham Əliyevin 2025 -ci il 18 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq etməsi ölkəmizdə süni intellektin inkişafı istiqamətində ciddi addımlar atılmasına əlverişli şərait yaradacaqdır. Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov bildirib ki, Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq, süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır: “Strategiya çərçivəsində həyata keçiriləcək prioritet istiqamətlər müəyyən edilib ki, onlar məqsədə çatmaq üçün süni intellektin inkişafını dəstəkləyəcək, müvafiq infrastrukturu quracaq, etik və hüquqi çərçivə yaradacaq, kadr potensialını gücləndirəcək və əlverişli biznes mühiti təmin edəcək”. 

Ayaz Museyibov vurğulayıb ki, Strategiyanın uğurla icrası nəticəsində Azərbaycan süni intellekt texnologiyalarını idarə və tətbiq etmək sahəsində qlobal rəqabətə uyğun, dayanıqlı və effektiv sistem qurmağı qarşıya məqsəd qoyur. Bu kontekstdə məlumatların qorunması, kibertəhlükəsizliyin təmin edilməsi, yüksək hesablama infrastrukturunun yaradılması və Sİ texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, səhiyyə, təhsil və dövlət idarəçiliyində tətbiqi əsas prioritetlərdən biri olacaq: “Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi” prioritetinin icrası nəticəsində innovasiyaların təşviqi və sərmayələrin cəlbi ilə ölkə iqtisadiyyatı gücləndiriləcək, eyni zamanda, etik və hüquqi çərçivə yaradılması ilə cəmiyyətin maraqları qorunacaq, süni intellektin tətbiqi zamanı şəffaflıq və ədalət təmin ediləcək”.

 Ekspert qeyd edib ki, bütün bunlar, həmçinin süni intellektə olan etimadı artıraraq sosial və iqtisadi faydaların daha geniş yayılmasına imkan verəcək: “Beləliklə, bütün bu qlobal meylləri nəzərə alaraq Azərbaycanın süni intellekt sahəsində strateji baxışının formalaşdırılması və sistemli yanaşmanın təmin edilməsi ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq”.

Zahid Rza, “İki sahil”