Son vaxtlar Cavadov qardaşlarının qəhrəman, müsbət obrazını yaratmaq cəhdi hiss olunur. Bəs əsl həqiqət necədir? Bu suala ətraflı cavab vermək üçün həmin illərdə baş verənləri xatırlatmat lazımdır.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda olduqca çətin vəziyyət hökm sürürdü. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu çətin və acınacaqlı vəziyyətin aradan qaldırılması istiqimətində əməli işlər görülməyə başlanıldı. Belə ki, Ulu öndər Heydər Əliyev dövlətin mövqeyini dünyaya çatdırır, beynəlxalq aləmin diqqətini ölkəmizə cəlb edir, ölkəmizin siyasi-iqtisadi əlaqələrini genişləndirməyə çalışırdı. Amma bu vəziyyət bəzi dairələr tərəfindən heç də birmənalı qarşılanmadı. Hətta 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri Rövşən Cavadovun rəhbərliyi altında OMON-çular silah gücü ilə hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Yeri gəlmişkən, OMON-un yaradılmasında vaxtilə komsomola rəhbərlik etmiş Cahangir Müslümzadənin fəal rolu olub. Rövşən Cavadovun bu quruma təyinatı isə birbaşa Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun adı ilə bağlıdır.
OMON-çuların R.Cavadovun rəhbərliyi ilə reket, şantajla məşğul olması, iş adamlarından pul yığması vəziyyəti daha da kəskinləşdirdi. Bütün bunlar azmış kimi, o, ictimai proseslərə açıq müdaxilə edirdi. Bununla da o, özünü hərbçi yox, siyasətçi kimi ortaya atmağa çalışırdı. Özündən razı Rövşən Cavadov martın 13-də bir sıra dövlət idarələrini ələ keçirmək üçün hərəkətə keçdi. Martın 14-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov OMON-nun ləğv edilməsi ilə bağlı əmri elan olundu. Əmrə əsasən, OMON-çuların rəhbəri Rövşən Cavadov dəstədəki bütün texniki vasitələri və silahları təhvil verməli idi. Lakin o, Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə həyasızlıq edərək müəyyən şərtlər irəli sürdülər. Hətta hökumətin istefasını tələb etdilər. Buna baxmayaraq, Ulu Öndər yenidən respublikanın tanınmış, hörmətli adamlarını, ziyalıları onların “8-ci kilometr” ərazisindəki qərargahına göndərdi. Ulu Öndərin martın 15-də Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə xalqa etdiyi tarixi müraciətində hakimiyyəti ələ keçirmək istəyən silahlı dəstənin hakimiyyət hərislərinin olduğunu bildirdi. Amma yenə bir nəticə hasil olmadı. Bu gün Somalidə, Sudanda hərbi birləşmələrə rəhbərlik edən və çevrilişlər təşkil edən hərbi komandirlərdən heç bir fərqi olmayan bu silahlı dəstənin belə bir addımı isə martın 16-dan 17-nə keçən gecə “8-ci kilometr” ərazisində silahlı toqquşmalara, qardaş qanının tökülməsinə səbəb oldu. Mahir Cavadov ölkəni tərk edərək xaricə qaçdı. O, hazırda Azərbaycana qarşı fəaliyyətlərini davam etdirir.
Şübhəsiz, Cavadovlar dövlət çevrilişinə cəhdi təkbaşına planlaşdırmamışdılar. 1996-cı ildə Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və prosesdə aktiv rol oynadığını üzə çıxardı. Hətta bu prosesdə o zaman Türkiyənin baş naziri Tansu Çilərin, Fərman Demirkolun, Kənan Güvənin (hər ikisi MİT əməkdaşı olub), səfir Karamanoğlunun bu proseslərdə rolu olduğu bəlli olub. Dəmirqol və Gürəl bu əməllərinə görə sonradan həbs olundular. Onlar yalnız MİT rəhbərinin Bakıya gəlib, Ulu Öndərdən xahiş etməsindən sonra azadlığa buraxıldılar. Təbii ki, onların əməllərini müasir Türkiyə ilə heç bir əlaqəsi yoxdur.
Bəli, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi ilə 1993-cü il iyun, 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və digər xəyanət cəhdlərinə son qoyuldu. Ölkədə tədricən əmin-amanlıq yaranmağa başlandı.
Dövlətçilik ələyhinə mübarizə aparmış, hakimiyyət hərisi olmuş belə şəxslərin xəyanətkarlıqlarını qəhrəmanlaşdırmaq cəhdləri kimlərə sərf edir? Şübhəsiz, Azərbaycanın qatı əlehydarlarına... Təəssüf ki, Cavadov qardaşları doğma yurdları olan Laçını qorumaq əvəzinə belə çirkin oyuna baş qoşdular. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi sayəsində digər işğal olunmuş ərazilər kimi, bu gün Laçın da azaddır.
Qvami Məhəbbətoğlu, “İki sahil”