1990-cı illərin əvvəllərində - səriştəsiz AXC-Müsavat iqtidarı dönəmində ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırması iqtisadiyyatı iflic vəziyyətə düşmüş Azərbaycanı müstəqilliyini itirmək,bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalı davam edirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını Ulu Öndər Heydər Əliyevin simasında gördü. Elə bu kimi səbəblərdən 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək Naxçıvandan Bakıya gəldi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ulu Öndər həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və orada baş qaldırmış qiyamı yatırtdı. Lənkəranda Əlikram Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla da tariximizdə yeni bir mərhələnin başlanğıcı qoyuldu. Ulu Öndərin hakimiyyətdə olduğu llərdə gördüyü işlər - “Əsrin müqaviləsi”nin imzalanması, Ermənistanla müharibədə atəşkəsin elan olunması, nizami ordunun yaranması, asayiş və qayda-qanunun bərqərar edilməsi, ilk parlament seçkilərinin keçirilməsi, aqrar sahədə islahatların aparılması, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaradılması, Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşdırılması və s. sayəsində ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyevin sözləri ilə desək, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi: “Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu”. Ulu Öndər bütün bu addımları ilə həm də Azərbaycan xalqının itirilmiş inamını, varlığını özünə qaytardı. Məhz buna görə də həmin gün, yəni Milli Qurtuluş Günü parlamentin qərarı ilə 15 iyun 1997-ci ildən etibarən rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı.
Yeri gəlmişkən, Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birində belə demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ümummilli Lider Heydər Əliyevin bu arzusunu Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Bununla da xalqımızın uzun illər boyu arzuladığı möhtəşəm Zəfərə - tarixi ədalətin bərpasına nail oldu.
Artıq neçə ildir ki, Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Hazırda bu məkanlara Böyük Qayıdış Proqramı çərçivəsində abadlıq-quruculuq işləri davam etdirilir və soydaşlarımızın doğma yurdlarına qayıdışı təmin olunur ki, bunları da Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi kimi dəyərləndirmək olar.
Üstəlik, Azərbaycan dünya miqyasında öz dəst-xətti ilə seçilən suveren bir dövlətə çevrilib. Əminliklə demək olar ki Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin və regional kommunikasiya xətlərinin mərkəzi qovşağına çevrilən Azərbaycanın bu kimi uğurları da öz başlanğıcını Milli Qurtuluş Günündən götürüb. Daha doğrusu, Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməllər məhz həmin dövrdə formalaşdırılıb. Azərbaycanın bugünkü uğurlarına nəzər saldıqda bütün bu nailiyyətlərin təməlində Ümummilli Liderin uzaqgörən strateji irsinin dayandığını açıq-aydın görmək mümkündür. Bu mənada əminliklə demək olar ki, Milli Qurtuluş Günü ölkəmizin tarixində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Hətta demək olar ki, Ümumilli Lider bu qayıdışı ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açıb. Bu məqamda Prezident İlham Əliyev çıxışlarının birində dediyi aşağıdakı sözləri xatırlatmaq yerinə düşər: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu mənada Milli Qurtuluş Gününü obrazlı şəkildə uğurlarımızın uvertürası adlandırmaq olar.
Qvami Məhəbbətoğlu, “İki sahil”