Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 50m² olmaqla ümumi sahəsi 100m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40m² olmaqla ümumi sahəsi 80m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər xəsarət alıb.