24 sentyabr 2026 21:45
108

"Kainatın pıçıltısı" - FOTO

 Misirin ölkəmizdəki səfirliyində azərbycanlı rəssamın bu adda fərdi sərgisi açılıb

Sentyabrın 24-də  Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində rəssam Nigar Bayramovanın "Kainatın pıçıltısı" adlı fərdi sərgisi açılıb.

Sərgidə rəssamın kainat, insan, milli irsimiz və təbiət mövzularına fərdi baxışını əks etdirən əsərləri nümayiş olunur. Ekspozisiyada müəllifin yaradıcılıq üslubunu və dünyagörüşünü əks etdirən müxtəlif sənət nümunələri təqdim edilir.

"Kainatın pıçıltısı" sərgisi ziyarətçilərə rəssamın yaradıcılıq dünyası ilə yaxından tanış olmaq, əsərlərindəki fərqli bədii yanaşmaları müşahidə etmək imkanı yaradır. Tədbir Azərbaycan və Misir arasında mədəni əlaqələrin inkişafına, eləcə də müasir incəsənət nümunələrinin təqdiminə və təbliğinə xidmət edən layihələrdən biri kimi diqqət çəkir.

Açılış mərasimindən sonra rəssam Nigar Bayramova "İki sahil"ə eksklüziv müsahibəsində fərdi rəsm sərgisində nümayiş olunan əsərlərin mövzusu və özünün yaradıcılıq üslubu barədə məlumat verərək bildirib: "Bu gün mənim üçün əlamətdar və sevincli gündür. Hər bir rəssamın arzusu öz əsərlərini geniş auditoriyaya təqdim etmək, kətan üzərində əks etdirdiyi duyğularının hiss olunması və izləyicilərin onun daxili dünyası ilə tanışlığıdır."

Nigar Bayramova daha sonra deyib: "Bu, mənim ilk sərgim deyil. ABŞ-ın Mayami, Vaşinqton kimi böyük şəhərlərində sərgilərim keçirilib. Lakin bu sərgi mənim üçün daha özəldir. Çünki bu kətanlarda milli irsimizin, tariximizin və doğma təbiətimizin izləri öz əksini tapır. Hər bir əsər mənim üçün sözlə ifadə edə bilmədiyim duyğularımın, düşüncələrimin və hisslərimin rənglər vasitəsilə ifadəsidir. Bəzən insan demək istədiklərini sözlərlə tam ifadə edə bilmir. Mən rəsmlərim haqqında uzun-uzadı danışmaq istəmirəm. Hesab edirəm ki, kətan üzərində əks etdirdiyim rəsmlər mənim duyğularımı və daxili dünyamı izləyicilərə çatdıran ən yaxşı vasitədir."

Şahnigar Əhmədova, "İki sahil"