22 mart 2025 16:22
190

Azərbaycan BƏƏ-yə birbaşa investisiyaları beş dəfəyə yaxın artırıb

Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 490,1 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 53,7% və ya 171,2 milyon ABŞ dolları artıb.

Hesabat ilində Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Birləşmiş Ərəb Əmirliklərindən yatırılan investisiyaların payı 7% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatına 457,5 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 4,8 dəfə və ya 362,7 milyon ABŞ dolları çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 26% təşkil edib. Bununla da ötən il Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcminə görə BƏƏ ilk pillədə qərarlaşıb.

Xatırladaq ki, 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 319 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 94,8 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.