22 mart 2025 17:40
200

Azərbaycan tütün idxalına xərclərini təxminən 20 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 20,35 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 4,977 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,8 % azdır.

2 ayda tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.