24 mart 2025 15:46
320

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı uğurlar barədə məlumat verilib. Xüsusən Komissiyanın xətti ilə 12 ixtisas üzrə Sumqayıtda Qastroturizm Akademiyasının yaradılması qeyd edilib.

ASK komissiyasının sədri Ruslan Quliyev ölkəmizin turizm potensialını xaricdə tanıtmaq üçün görülən işlər və 2025-ci ildə iştirak edəcəkləri dörd beynəlxalq tədbir haqqında fikirlərini bölüşüb. O, Şərqi Zəngəzurun turizm potensialı ilə bağlı yeni layihənin nəzərdə tutulduğunu bildirib.

Komissiya üzvləri 2025-ci ildə sektorun vəziyyəti, qarşıdakı gözləntiləri müzakirə ediblər. Qeyd edilib ki, bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlərin sayı ötənilkindən az olub.

Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır. Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Heydər Əliyev Beynəlxalq Aeroportunun effektiv işlədiyini diqqətə çatdıraraq, regionlarda aeroportların inkişafının vacibliyini qeyd edib.

Ümumilikdə isə bildirilib ki, Azərbaycan 2024-cü ildə 2023-cü il ilə müqayisədə turizmdə 30 faiz artım əldə edib, lakin 2019-cu il səviyyəsinə çatmayıb.

Komissiya sektorun vəziyyəti ilə bağlı keçirilən sorğunun nəticələrini də açıqlayıb. Nəticələrə görə, peşəkar kadr çatışmazlığı, investisiya mühiti, vergi tənzimləmələri, turizm məkanlarının investisiya üçün açılması, maliyyəyə çıxış, dövlət satınalmaları kimi məsələlər ilk sıralarda yer alır.

İclasda regionlarda bir, iki, üç ulduzlu otellərin tikilməsi üçün müvafiq investisiya mühitinə ehtiyac duyulduğu, rəsmi qeydiyyatı olmadan sosial şəbəkələr üzərindən turizm xidməti satanlara qarşı müvafiq addımların atılması da müzakirə edilib.