24 mart 2025 19:46
222

Belçikalı deputatlar nə istəyirlər?

Azərbaycan 30 illik münaqişəyə son qoyub, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bununla da “Dağlıq qarabağ” münaqişəsi, “Dağlıq qarabağ xalqı”, həmçinin “Dağlıq qarabağ” məfhumu tarixə qovuşub. Amma XX əsrin ortalarına qədər müstəmləkəçilik siyasətini davam etdirən Belçika hələ də bununla razılaşmaq istəmir. 

Ermənistan mediasının məlumatına görə, aprelin 2-də Belçika Federal Parlamentində Xarici Əlaqələr Komitəsinin təşəbbüsü ilə Qarabağla bağlı qətnamə layihəsi ilə bağlı dinləmələr keçiriləcək. Qeyd edək ki, qətnamə layihəsi aylar öncə federal deputatlar Els Van Huf və Mişel de Maeqd tərəfindən təklif edilib.  Els Van Huf Ermənistan mətbuatına bildirib ki, guya Azərbaycanın Ermənistana qarşı təcavüzü davam edir: “Belçika və Avropa Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşması və davamlı sülhün bərqərar olması istiqamətində səmimi şəkildə çalışması üçün Azərbaycana təzyiq göstərməlidir. Əgər Azərbaycan beynəlxalq hüququ pozmaqda davam edərsə, Avropa səviyyəsində məhdudiyyətlər tətbiq edilməli və Aİ-nin Azərbaycanla münasibətlərinə yenidən baxılmalıdır”. Daha sonra o, vurğulayıb ki, bu, mənim qərarımın çağırışıdır.  Qeyd edək ki, təklif olunan qətnamə layihəsində erməni mədəni irsinin qorunması və bir çox başqa məsələlər də var.  
Ermənilərin pul kisələrinə xidmət edən bu federal deputatlar bilməlidirlər ki, Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb. Qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm də 30 ilə yaxın müddətdə işğal etdiyi ərazilərdən bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş, qırğınlar, soyqırımları törətmiş, şəhər və qəsəbələri yerlə-yeksan etmiş ölkə Azərbaycan deyil, Ermənistan olub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər də mövcuddur. Bu mənada federal deputatın söylədikləri hayların dezinformasiyaları əsasında formalaşmış söz yığınından başqa bir şey deyil. 
O ki qaldı erməni məhbuslarının hələ də Bakı həbsxanalarında qeyri-insani şəraitdə saxlanılması qəbuledilməzliyinə. Bu fikir də federal deputatın anti-Azərbaycan qüvvələrin uydurmasıdır. Halbuki, müvafiq qurumlar onların saxlanılma şəraiti ilə tanış olublar və heç bir neqativ halla qarşılaşmayıblar. Hətta təqsirləndirilən şəxs Ruben Vardanyanın martın 12-də yaxınlarına göndərdiyi səsli mesajda da onlara yaxşı baxıldıqlarını etiraf edib. Bütün bunlar isə belçikalı deputatın böhtan atmaq üzrə “rekord” olmasından xəbər verir.  Məhkəmə prosesi zamanı beynəlxalq ictimaiyyət də görür ki, onların psixoloji durumları ilə bağlı heç bir problem yoxdur.  
Şübhəsiz, bu addımla federal deputat Azərbaycana təziyq göstərmək istəyir. O, elə zənn edir bu yolla sülh danışıqlarında Azərbaycanı hansısa güzəştlərə getməyə məcbur edə biləcəklər. Şübhəsiz, bu, Cənubi Qafqazda baş verən proseslərdən o qədər də hali olmayan Misel de Maeqdin xam xəyallarından başqa bir şey deyil. Çünki Azərbaycan müharibə dönəmində hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törərmiş şəxsləri cəzalandırmaqda israrlıdır. Bu mənada onların çağırışları tamamilə absurddur. Elə isə belə olan təqdirdə isə toyuğun xoruz kimi banlamasının nə mənası var axı? Yaxşı olardı ki, belçikalı deputatlar ölkələrinin müstəmləkə keçmişi və haqlarını yedikləri xalqların vəziyyəti ilə bağlı təşəbbüslərlə çıxış etsinlər.
 Yeri gəlmişkən, Belçika Krallığının Azərbaycan həqiqətlərini təhrif etməsi ilk dəfə deyil.  Belə ki, Belçika parlamentində son illərdə ölkəmizlə bağlı dəfələrlə birtərəfli və qərəzli qətnamə qəbul edib. Halbuki, rəsmi Bakı həmişə bütün dünya dövlətləri, o cümlədən də Belçika Krallığı ilə beynəlxalq hüquq prinsipləri əsasında xoş münasibətlər qurmaq niyyətini bəyan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”