25 mart 2025 20:31
154

Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ nümayəndə heyətinin Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndə heyətləri ilə ayrılıqda keçirdiyi texniki görüşlərin nəticəsi ilə bağlı Ağ evin bəyanatında deyilir. Bildirilir ki, tərəflər həmçinin Qara dənizdə gücdən istifadəni aradan qaldırmaq və kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılaşıblar.

Ağ Ev Ər-Riyadda keçirilən görüşlərin nəticələrini əks etdirən ayrı-ayrı bəyanatlar yayıb və hər iki bəyanatda Qara dənizlə bağlı razılaşma ən əsas nəticə kimi təqdim edilib.

Rusiya ilə bağlı bəyanatda qeyd olunur ki, ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı ilə bağlı dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortası xərclərini azaltmağa və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışını genişləndirməyə kömək edəcək.

Ukrayna ilə bağlı bəyanatda ABŞ hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və zorla köçürülmüş ukraynalı uşaqların geri qaytarılmasına nail olmaqda kömək etmək öhdəliyinə sadiq qaldığını bəyan edib.