Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabat dərc edib. Ötən illərdə olduğu kimi, bu hesabatda da ölkəmizə qarşı əsassız iddialar və Azərbaycanofobiya yer alıb. Bununla əlaqədar Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirildiyi kimi, bu il də hesabatın müəllifləri öz iddialarını “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni millətçilərinin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) hazırladığı uydurma məruzələrlə və bədnam, anti-Azərbaycan fəaliyyəti ilə seçilən, radikal erməni diasporu üzvlərinin əlində alət olan “Freedom House” təşkilatının sənədləri ilə əsaslandırırlar.
Qeyd edək ki, sözügedən hesabatda, ümumiyyətlə, dünyada dini azadlığın əsas qənimi olan Ermənistandan söz açılmayıb. Halbuki, Ermənistan öz ərazisindən, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan çox azərbaycanlının başqa dini etiqada mənsub olduqları üçün total etnik təmizləməyə məruz qoymaqla, orada 300-dən artıq məscidi və yüzlərlə qəbiristanlığı dağıdıb. Şübhəsiz, bu vandllıq erməni vəhşilərinin dinimizə, tarixi dəyərlərimizə nifrətindən irəli gəlir. Hətta işğal altında saxladıqları ərazilərimizdəki məscidləri məhv etməklə kifayətlənməyən, digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaradan işğalçı Ermənistan xristian dini ziyarətgahlarına qarşı vəhşilik həyata keçiriblər. Məsələn, haylar Xocavənd rayonundakı Rus Pravoslav kilsəsini belə dağıdıblar. Rayonun Tug kəndində yerləşən İohann kilsəsində də saxtakarlıqla bəzi dəyişikliklərə cəhd ediblər. Laçın rayonundakı Alban Apostol Müstəqil kilsəsində alçaq niyyətlərini həyata keçiriblər. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə dini abidələrimiz tikilib yenidən qurulur. Tuğ kəndindəki qədim Alban məbədi, Laçın rayonundak “Ağoğlan” monastırı hökumətimiz tərəfindən bərpa edilərək öz sahiblərinin ixtiyarına verilib. Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan milliyyətindən, dinindən asılı olmayaraq, bütün xalqlara məxsus abidələri qoruyur.
Bu mənada Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası bilməmiş deyil ki, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Etnik-dini müxtəlifliyimiz dövlətçiliyimizin misilsiz nailiyyətidir. ABŞ-a gəldikdə isə bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran elə bu ölkədir. Digər tərəfdən, bu gün də ABŞ-da qaradərililərə qarşı təzyiqlər var. Amma nədənsə ABŞ özündə olan bu reallıqları "görmək" istəmir, ənənəsinə uyğun olaraq Azərbaycanı qaralayır. Halbuki bizim tolerantlığıməz bu gün nəinki Ermənistan, elə ABŞ-a da nümunə ola bilər. Elə bu kimi səbəblərdən mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən Komissiya bilməlidir ki, belə bir missiyanın Azərbaycana deyil, Ermənistana göndərilməsi zəruridir. Komissiya Ermənistan hökumətinin bu ölkədəki Azərbaycan mədəni və dini irsi ilə bağlı UNESCO missiyasının Ermənistana göndərilməsinə imkan verməməsi məsələsi ilə məşğul olması daha düz olardı.
Hesabatda, həmçinin “dağlıq qarabağ” kimi ifadələrdən işlədilməklə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik nümayiş etdirilib. Halbuki, komissiya da yaxşı bilir ki, “dağlıq qarabağ” məfhumu artıq tarixə qovuşub.
Şübhəsiz, Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyasının növbəti dəfə belə qərəzli açıqlamalar verməsi hələ də davam etməkdə olan ikili standartların növbəti nümunəsidir. Digər tərəfdən, bunu həm də bölgədə yeni reallıqlar yaradan Azərbaycana qarşı qısqanclıqdan doğan riyakarlıq kimi də dəyərləndirmək olar. Bu fakt həm də sözügedən qurumun Ermənistan-Azərbaycanla münasibətlərinin normallaşdırılması prosesinə, sülhün əldə olunmasına o qədər də səmimi yanaşmadığını göstərməklə yanaşı, həm də təxribat xarakterli anti-Azərbaycan siyasətindən xəbər verir.
Qvami Məhəbbətoğlu, “İki sahil”