Ötən il Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 10 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 712 min ABŞ dolları və ya 7,6% artıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.
Həmçinin, ötən il Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 9,8% azalma deməkdir.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Kanadanın payı 0,4% təşkil edib.
2023-cü ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,3 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,1 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.