İtaliya Suriyada humanitar layihələrin maliyyələşdirilməsinə və infrastrukturun yenidən qurulmasına təxminən 68 milyon avro (73,20 milyon dollar) ayırıb.
“İki sahil” Oman Xəbər Agentliyinə istinadla bildirir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani parlamentdə çıxışı zamanı deyib.
“Xəstəxana və səhiyyə sektorlarında, infrastrukturda və qida tədarükü zəncirlərinin gücləndirilməsində humanitar təşəbbüslər üçün ilkin paket ayrılıb”, - deyə Tajani bildirib.
“Yaxın həftələrdə yeni əməkdaşlıq layihələrinə başlanılacaq. Biz, həmçinin bərpaya yönəlmiş biznes-forum təşkil etməyi planlaşdırırıq”, - deyə italiyalı nazir əlavə edib.
Bu ayın əvvəlində Avropa İttifaqı liderlərinin konfransında donorlar Suriyanın yeni hakimiyyət orqanlarına keçid dövrünün problemlərinin həllinə kömək üçün 5,8 milyard avro vəd ediblər.
Avropa İttifaqı, həmçinin Suriyaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaları, o cümlədən enerji, bankçılıq, nəqliyyat və yenidənqurma ilə bağlı məhdudiyyətləri dayandırdığını elan edib.