27 mart 2025 19:50
277

Soyqırımı haqqında həqiqətləri dünyaya çatdırmaq hər birimizin müqəddəs borcu və vəzifəsidir

31 mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü Azərbaycanın tarixində önəmli bir gündür. Bu gün 1918-ci ildə Bakıda və digər regionlarımızda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qətllərin, təcavüzlərin və zülmlərin yad edilməsi kimi qeyd edilir. Bu soyqırım bir çox azərbaycanlı ailəsinin məhv edilməsinə və məcburi köçkünlük həyatı yaşamasına səbəb olmuşdur.

Hər il 31 mart tarixi bütün ölkədə, o cümlədən xaricdə Azərbaycanlılar tərəfindən anılır və soyqırım qurbanlarının xatirəsi yad edilir. Soyqırımın tanınması və bu hadisənin dünya ictimaiyyəti tərəfindən anılması Azərbaycanın xalqının ağrılı səhifələrini gündəmə gətirmək və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün olduqca vacibdir. 31 Mart Soyqırımı həmçinin Azərbaycanın müstəqillik və milli azadlıq mübarizəsinin bir parçasıdır.

1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilmiş, soydaşlarımız işgəncələrə məruz qalmışlar.

Erməni qəsbkarları tərəfindən törədilən bu hadisə təkcə insanlara qarşı deyil, həm də mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qarşı həyata keçirilmişdir. Soyqırım zamanı bölgələrimizdə xeyli sayda yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Soyqırımın davamı olaraq sonrakı illərdə də erməni qətliamçıları qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər ərazilərimizdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu qanlı faciə Bakı Sovetinin 6 min silahlı əsgəri ilə yanaşı həmçinin “Daşnaksütun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən törədilmiş, silahlı erməni bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edilmiş, uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardığı araşdırma nəticəsində məlum olub ki, təkcə Şamaxıda baş vermiş hadisələr nəticəsində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirilib, 18 min nəfərdən çox şəxs isə yurd-yuvasından didərgin düşüb.

Bundan başqa Qubada törədilən qırğınlar zamanı ümumilikdə 4000 nəfərdən artıq soydaşımızın qətlə yetirildiyi bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 690 nömrəli Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmışdır. Ümummilli Lider Heydər Əliyev soyqırım hadisələri ilə bağlı öz fikirlərində bildirmişdir ki, “Xalqımıza qarşı yeridilmiş soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevQuba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı 30 dekabr 2009-cu il tarixli, 673 nömrəli Sərəncam vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Ölkə başçısı Soyqırım memorial kompleksinin açılışında qeyd etmişdir ki, “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Bundan başqa erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 3587 nömrəli Sərəncam imzalamış, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış və Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Ölkə başçısı tərəfindən atılan bütün bu addımlar, mənfur ermənilərin əsrlər boyu  soydaşlarımızın başına gətirdiyi zülmlərin, qanlı faciələrin xalqımız tərəfindən unudulmaması, həmçinin həqiqətlərin bütün dünyaya çatdırılması ilə səciyyələnir ki, bu hadisələri daim yaddaşlarda yaşatmaq və xalqımıza qarşı törədilmiş təcavüzlərin həqiqətlərini dünyaya çatdırmaq bir xalq olaraq bizim də borcumuz və vəzifəmizdir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı