İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri uğurla davam etdirilir. Bu strateji missiya azad edilmiş bütün ərazilərimizi əhatə edir. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər ictimaiyyətə və Azərbaycana ehtiramı olan dövlətlərə hansı duyğuları yaşatmışdısa, quruculuq işlərinin coğrafiyası və sürəti, arxitektura özəlliyi də həmin səviyyədə qürur yaşadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara hər səfəri quruculuq işlərinin uğurunun təntənəsi kimi tarixləşir.
İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər, bu Zəfərin mahiyyəti təsdiqlədi ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, erməniliyin dağıtdığı ərazilər tezliklə yenidən qurulacaqdır, daha da gözəlləşəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 27-də Ağdama səfəri, səfər zamanı Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirakı da Böyük Qayıdışın tərkib hissəsi kimi tarixləşdi.
Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində, 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Ermənilər kənddə daş üstə daş qoymamışdı, kəndi tamamilə dağıtmışdı. Kənddə bütün infrastrukturlar, ictimai binalar məhv edilmişdi. 239 ailə qaçqın kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdı. İkinci Qarabağ müharibəsindən sonra Ağdam da işğaldan azad edildi və bu rayonda da geniş quruculuq işlərinə başlanıldı. Sarıcalının işğaldan sonrakı quruculuq işlərinin təməli 2022-ci il oktyabrın 4-də qoyulmuşdu, bu tarixi missiyanı dövlət başçımızın özü həyata keçirmişdi...
Sarıcalı kəndində iki mərhələdə 425 ailə üçün fərdi ev inşa ediləcək.
Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxsaylı inzibati binanın açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kənddə inşa edilmiş fərdi yaşayış evlərində yaradılmış şəraitlə də tanış olublar. Bu tanışlıq həm əminliyin, həm ehtiramın, həm də tarixə azərbaycançılığın qətiyyəti oldu.
Dövlət başçımız 14 sinif otağından ibarət olan Sarıcalı kənd orta məktəbinin açılışında da iştirak etdi. Məktəbdə tədrislə bağlı hər cür şərait yaradılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla davam etdirildiyinin təsdiqidir...
Dövlət başçımızın və birinci vitse-prezidentin yeni mənzilə köçən sakinlərlə görüşmələri, onlara evlərinin açarlarının təqdim etmələri Ramazan ayında böyük könül xoşluğu yaşatdı...
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri Ordumuzun qazandığı tarixi Zəfərin məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri də bunun təzahürüdür...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı