"Yarış gərgin rəqabət şəraitində keçdi. Yüksək nəticə əldə edə bildiyim üçün çox xoşbəxtəm".
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirində qızıl medal qazanan meksikalı gimnast Valerio Kuares deyib.
O, Milli Gimnastika Arenasında idmançılar üçün yaradılan şəraitdən razı qaldığını bildirib: "Buradakı insanlar bizi çox səmimi qarşıladılar. Məşqlərimizi rahat şəkildə həyata keçirdik. Demək olar ki, hər şey xırda detallara qədər düşünülüb".
İdmançı Azərbaycan gimnastlarının potensialı barədə də danışıb: "Onlar hər zaman bizim üçün güclü rəqib hesab olunurlar. Azərbaycanın məşhur gimnastlarından Zöhrə Ağamirovanın adını çəkə bilərəm. Amma bu turnirdə iştirak edən idmançılardan gənc gimnastlarınız daha çox diqqətimi çəkdi. Onlar çox istedadlıdırlar. Düşünürəm ki, gələcəkdə dünya arenasında öz sözlərini deməyə davam edəcəklər".
Qeyd edək ki, üç gün davam edən yarışda ümumilikdə 16 ölkədən 68 fərdi gimnast və 14 qrup hərəkətləri komandası iştirak edib.