Azərbaycan Milli Kitabxanasında dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası və “31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
“İki sahil” xəbər verir ki, kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırımı yaddaşlarda” bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/soyqirim/ linkindən istifadə edə bilərlər.
Virtual sərgidə isə 31 mart - Azərbaycanlıların Sоyqırımı Günü haqqında rəsmi sənədlər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində törədilmiş talanların faciəli nəticələri - on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi, azərbaycanlılara məxsus memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, kəndlər, sənaye müəssisələri, məktəblər, xəstəxanalar və s. mülkü, sosial və ticarət obyektlərinin məhv edilməsini tədqiq edən dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar, fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/31_Mart_Soyqirimi/index.htm linkindən istifadə edə bilərlər.
Xatırladaq ki, 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib.
Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. On minlərlə insan öz torpaqlarından qovulub.
Mart soyqırımına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da Ulu öndər “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin ildən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.