Tariximizin ən qanlı səhifələrindən biri olan 31 Mart –Soyqırımı Günü xalqımızın yaddaşına dərin iz salmışdır. XX əsrin əvvəllərində baş verən bu faciəvi hadisə zamanı minlərlə günahsız insan qətlə yetirilmiş, şəhərlər və kəndlər dağıdılmış, mədəni irsimiz məhv edilmişdir.
Bəşəriyyətin ən ağır faciələrindən biri olan soyqırımı, tarixin bütün dövrlərində sülh və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri hesab olunur. Müasir dünyada qəbul edilmiş tərifə görə, soyqırımı bir millətin dil, din və etnik mənsubiyyətinə görə məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu anlayışın hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada təsbit edilmişdir. Konvensiyaya əsasən, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən cinayətlərdir. Tarixə nəzər salsaq, Azərbaycan xalqı bu cür cinayətlərlə dəfələrlə üzləşmişdir. Bunun əsas səbəbi ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını reallaşdırmaq cəhdləri olmuşdur ki, bu da azərbaycanlılara qarşı kütləvi qətllər və soyqırımı aktları ilə nəticələnmişdir.
XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər, saxta “Böyük Ermənistan” planlarını həyata keçirmək üçün yerli azərbaycanlı əhalinin məhv edilməsi və öz torpaqlarından qovulması siyasətini yürütməyə başlamışdır. Həmin dövrdən etibarən minlərlə günahsız azərbaycanlı ermənilərin planlı və sistemli şəkildə həyata keçirdiyi soyqırımı siyasətinin qurbanına çevrilmişdir. Azərbaycan xalqına qarşı soyqırımı, kütləvi deportasiyalar, yaşayış məntəqələrinin dağıdılması və tarixi adların dəyişdirilməsi prosesi XX əsr boyunca da davam etmişdir.
Şamaxıda 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən qətliamlar hələ də tam araşdırılmamış qalır. Sovet dövründə bu cinayətləri ört-basdır etmək məqsədilə bir çox ilkin mənbələr məhv edildiyi üçün hadisələrin bütün mənzərəsi bu günədək tam aydınlaşmayıb. Ekspertlərin hesablamalarına görə, Şamaxıda 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq xüsusi qəddarlıqla qətlə yetirilib. 1918-ci ilin iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının araşdırmaları nəticəsində Şamaxı qəzasında mövcud olan 120 kənddən 86-sının erməni silahlı qüvvələrinin hücumlarına məruz qaldığı təsdiqlənib.
Ötən əsrin 90-cı illərindən başlayaraq yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı araşdırmalar aparıblar. Yüz nəfərə yaxın şahidin xatirələri əsasında müəyyən olunub ki, erməni silahlı qüvvələri Şamaxı şəhərində 14-16 min, onun 40 kənd və obasında isə 6-8 min nəfəri amansızcasına qətlə yetirib. Bundan əlavə, 18 mindən çox insan doğma yurdlarını tərk edərək didərgin düşüb.
1918-ci ildə Quba şəhərində və onun ətraf bölgələrində erməni-bolşevik dəstələri tərəfindən həyata keçirilən soyqırımı zamanı 2900-dən çox dinc sakin qətlə yetirilib. Ümumilikdə Quba qəzasında 4000-dən çox insan öldürülüb, 122 kənd tamamilə dağıdılıb, 2750-dən çox ev isə yandırılaraq külə döndərilib.
Qubada aşkarlanan insan qalıqları bu qırğınların miqyasını və törədilmiş vəhşiliyin dəhşətini ortaya qoyur. Aşkar edilən kəllə sümüklərində güllə izləri yoxdur. İnsanlar küt alətlərlə, baltalar və xəncərlərlə xüsusi qəddarlıqla qətlə yetirilib. Bəzi sümüklərdə mismar izlərinin olması, insanların başına mismar çalınaraq öldürülməsi bu cinayətlərin dəhşətli xarakterini bir daha sübut edir. Qətlə yetirilmiş insanların cəsədləri su arxlarına və quyulara doldurularaq üzəri torpaqla örtülüb. Bu faktlar, erməni silahlı dəstələrinin törətdiyi cinayətlərin nə qədər amansız və qəddar olduğunu göstərir.
1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməyə başladılar. Bu soyqırımı xüsusilə İrəvan quberniyasında geniş vüsət aldı.
1918-ci ilin əvvəlindən etibarən erməni silahlı qüvvələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – ümumilikdə 198 kəndi dağıdıb, minlərlə dinc azərbaycanlını qətlə yetirib. Azərbaycanlı əhalinin tarixi torpaqlarından zorla çıxarılması və kütləvi şəkildə məhv edilməsi İrəvanda erməni hakimiyyətinin təşkil etdiyi məqsədyönlü soyqırımı siyasətinin bir hissəsi idi. 1920-ci ilə qədər davam edən bu amansız qətliamlar nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisi ya məhv edildi, ya da öz doğma torpaqlarından qovuldu.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinin yaddaşlarda qalması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla 31 mart rəsmi şəkildə “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Bundan əlavə, Fərmanın icrasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün 30 mart 1999-cu ildə Ulu Öndər Heydər Əliyev xüsusi tədbirlər planı təsdiq etmişdir. Bu tədbirlər planına uyğun olaraq, tədqiqat işləri genişləndirilmiş, yeni tarixi faktlar üzə çıxarılmış, beynəlxalq təşkilatlarla iş gücləndirilmiş və bu faciənin tanıdılması üçün ciddi addımlar atılmışdır.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması ilə bu sahədə tədqiqatlar daha da genişləndirildi. Tarixi sənədlər toplanaraq araşdırıldı, müxtəlif əsərlər yazıldı və bu mövzuya dair materiallar əcnəbi dillərə tərcümə olunaraq beynəlxalq auditoriyaya təqdim edildi.
Aparılmış araşdırmalar nəticəsində ermənilərin 1918-ci ilin mart-aprel aylarında həyata keçirdiyi qanlı aksiyaların daha geniş coğrafiyanı əhatə etdiyi və qurbanların sayının rəsmi məlumatlardan qat-qat çox olduğu sübut edilmişdir. Bu araşdırmaların nəticəsində Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Bu məzarlıqda tapılan insan qalıqları erməni silahlı dəstələrinin vəhşiliklərini açıq şəkildə sübut edən dəlillərdən biri oldu.
2007-ci ilin aprel ayında Quba stadionunun təmiri zamanı aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edildi. Bu məzarlıqda aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində 500-dən çox insan kəlləsi aşkarlandı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Araşdırmalar bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanları olduğunu sübuta yetirdi.
Bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixində xüsusi Sərəncam imzalayaraq Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir.
Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində, Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektar olmaqla 5 hissədən ibarətdir. Bu kompleks həm Azərbaycan xalqının faciəli tarixini xatırladan mühüm bir məkan, həm də erməni vəhşiliyinin canlı sübutudur.
Azərbaycan dövləti erməni millətçilərinin törətdiyi soyqırımı faktlarını yalnız tədqiqatlarla deyil, həm də siyasi səviyyədə dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl iş aparır. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı bu tarixi faciənin geniş araşdırılmasının vacibliyini vurğulamışdır. O, çıxışında qeyd etmişdir ki:
“1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” (Quba, 18 sentyabr 2013-cü il)
Bu çıxış bir daha göstərir ki, Azərbaycan dövləti tarixində baş verən faciələrin unudulmaması, onların dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin bu həqiqətləri bilməsi üçün ciddi addımlar atmağa davam edir. 1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan xalqının tarixində 1918-ci ildə erməni-bolşevik dəstələri tərəfindən törədilmiş soyqırımı dərin iz qoymuşdur. Bu faciənin araşdırılması, yeni faktların üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan dövlətinin və xalqının prioritet məsələlərindən biridir. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, Quba Soyqırımı Memorial Kompleksi və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Sərəncamlar bu faciələrin unutdurulmaması üçün atılmış mühüm addımlardır. Bu tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və dünya ictimaiyyətinə tanıdılması hər bir azərbaycanlının vəzifəsidir. Soyqırımı qurbanlarının xatirəsi daim yad edilməli və bu faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaşımız qorumalıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmişdir. Bu qələbədən sonra azad edilmiş ərazilərə xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqların səfərlərinin təşkil edilməsi erməni vəhşiliyinin dünyaya çatdırılması üçün yeni imkanlar yaratmışdır. Biz bu imkanlardan maksimum istifadə edərək erməni vəhşiliyinə beynəlxalq səviyyədə lazımi siyasi və hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini