31 mart 2025 19:16
316

Tarixi Qarabağ Zəfəri  31 mart - azərbaycanlıların soyqırımına münasibətdə  yeni reallıqları aşkar etdi 

II Qarabağ müharibəsindən sonra süverenliyimizin tam bərpa olunması bir çox tarixi həqiqətlərə, eləcədə  zaman-zaman xalqımızın başına gətirilən soyqırımı hadisələrinə də yenidən işıq saldı. İndi Azərbaycan xalqı tarixin  müxtəlif dönəmlərində torpaqlarını, fiziki və mənəvi varlıqlarını itirə-itirə yaşayan xalq deyil, qalib, öz haqqını və hüququnu ifadə edə bilən müzəffər xalqdır. Odur ki, tariximizə bir daha ekskurs etmək, hadisə və proseslərə yeni rakursdan yanaşmaq imkan verir ki, yol verdiyimiz səhvlər təkrarlanmasın və bu gün müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında imza atdığımız uğur və nailiyyətlərin əbədiliyi təmin olunsun. Bu mənada 31 mart soyqırımı həm də dərs götürməli olduğumuzu tarixi faciəmizdir və  şübhəsiz ki, bu faciə xalqımızın qan yaddaşından heç zaman silinməyəcəkdir. Məhz bu gercəkliyi nəzərə alan Ulu öndər Heydər Əliyev 26 mart 1998-ci ildə 31 mart tarixinin “Azərbaycanlıların soyıqırımı günü” olaraq qeyd olunması ilə əlaqədar fərman imzalamışdır. Artıq 27 ildir  ölkəmizdə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Eyni zamanda 1918-ci il azərbaycanlıların soyqırmının 100 illiyi haqqında cənab Prezident  İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli sərəncamı da bu qanlı tarixin xalqımızın və dövlətimizin taleindəki yerini müəyyən edir və imkan verir ki, həm azərbayacanlıların soyqırımının, həm də bütövlükdə dünyada soyqırımı hadisələrinin nə qədər mənfur, insanlıqdan kənar əməl  olduğunu dünyaya bəyan edək.

Dövrün tarixi şəraiti, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu, tolerant cəmiyyət olaraq digər xalqlara münasibətdə bəşəri və milli dəyərləri əsas tutan toplum olduğumuzu nəzərə alsaq, ötən əsrin əvvələrində, o cümlədən 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş  soyqırımı faciəvi  bir hadisə olmaqla, həm də  o zaman cövlan edən tarixi-siyasi hadisə və proseslərin nəticəsi idi. Təssüfki, soyqırımı hadisələrinə qədər ölkəmizdə, regionda və bütövlükdə dünyada cərəyan edən sosial-iqdisadi və  siyasi proseslər azərbaycanlılara qarşı bu bəşəri cinayətin  həyata keçirilməsi ilə nəticələndi. Baş verən hadisələr, o zaman mövcud olan tarixi şərait, feodal düşüncə tərzi, xurafat və mövhumat kimi cəmiyyətləri geri salan münasibətlər xəstə toxum kimi Qafqaza səpələnmiş ermənilərin əl-qolunu açırdı. Vəziyyətdən istifadə edən ermənilər  hələ 1832-ci ildə Bakıda mövcud olan cəmi 15-20 erməni ailəsi üçün xeyriyyə təşkilatı təsis etmişdilər. Bizdə isə "Müsəlman xeyriyyə təşkilatı" 1863-cü ildə Zərdabinin rəhbərliyi ilə yaradıldı və cəmi bir neçə il fəaliyyətdə oldu. Ermənilər 1880-cı ildən siyasi təşkilatlar - Ərməniyyə, Qınçaq, Daşnaksütyun yaratmağa başladıqları halda, Azərbaycanda  bu proses Difai, Hümmət və sair kimi təşkilatların timsalında XX əsrin ikinci onilliyində başlamışdı.

Birinci dünya müharibəsi, Rusiyadakı inqilabi proseslər, Osmanlıların ermənilərlə münasibətləri, 1917-ci ilin payızında Bakı Sovetinə keçirilən seçkilərdə Azərbaycanlıların uğuru ermənilərin siyasi mübarizəni silahlı mübarizə müstəvisinə keçirmələrinə vəsilə oldu. Amma bu zaman daha bir çətinlik - silahlı müqavimətə mütəşşəkil hazırlığımızın olmaması ermənilərin əl-qolunu biraz da açmış oldu. Ordu toparlamaq, operativ adekvat tədbirlər görmək üçün çox gecikmişdik. Hətda vəziyyət elə idi ki, Osmanlıdan köməyə gəlmiş Nuru Paşanın Gəncədə azərbaycanlılardan ibarət döyüşçü dəstələrini təlim məqsədilə bir araya gətirmək çox çətinliklə başa gəlirdi. Bu səbəbdən 1918-ci ilin yayında Osmanlıdan növbəti əlavə hərbi köməyin gəlməsi tarixi əhəmiyyətə malik oldu. Bu bir həqiqətdir ki, Osmanlılar nəinki həmin ilin sentyabrında Bakını azad etdilər, ümumilikdə Azərbaycanı tarixi faciədən-işğaldan qurtardılar. Və sonrakı taleyimiz məlumdur. Əslində bu faktlar  həm də tarixi dərsdir. Öyrənməli, nəticə çıxarmalı olduğumuz dərs.

Ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri  soyqırımı hadisələri təkcə insanların kütləvi  fiziki məhvi cəhdləri ilə məhdudlaşmayıb. Onlar həm də tarixi-mənəvi irsimizə, dəyərlərimizə - abidələrimizə, maddi  və qeyri maddi irsimizə, hətda musiqimizə və mətbəxtimizə qarşı belə təcavüzdən, özününküləşdirməkdən çəkinməyiblər. Təssüfki, bir çox hallarda buna nail ola biliblər. Lakin zamanın gerçək üzü, xalqımızın dəyanətli duruşu,  özümüzəməxsusluğu, zaman-zaman itirilmiş tarixi torpaqlarımızın  həsrəti  həm də dünyaya bəxş etdiyimiz dəyərlər və ən əsası Sovet  imperiyasının mövcudluğu şəraitində öz fitri zəkası, xalqına bağlılığı, uzaqgörən strateqlik bacarığı ilə bütün dünyanı heyran qoyan Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər əsrlər boyu qarşılaşdığımız soyqırımı hadisələrinin də tarixi-siyasi qiymət almasına imkan verdi. Ulu öndərin 26 mart 1998-ci ildə 31 mart tarixinin “Azərbaycanlıların soyıqırımı günü” olaraq qeyd olunması ilə əlaqədar imzaladığı fərman bir çox tarixi həqiqətlərə işıq saldı. Məhz bu fərmandan sonra aparılan əsaslı tarixi-elmi araşdırmalar, soyqırımı ilə əlaqəli hadisə və proseslərə verilən hüquqi-siyasi qiymət sanki xalqımızı ayıltmış oldu. Nəhayət anlaşıldıki, torpaqlarımız niyə işğal olunub, azərbaycanlıların kütləvi qətli nəyə hesablanıb və bu kimi halların təkrarlanmaması üçün xalq olaraq nələr etməliyik. 2003-cü ildə Ulu öndər özü bu haqda deyirdi;-“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə uzun illərin hazırlıqları nəticəsində yüksək döyüş bacarıqları formalaşdırılmış Silahlı Qüvvələrimiz böyük tarixi zəfərə imza atdılar. 2020-ci ilin sentyabr ayından başlanan 44 günlük Zəfər yürüşü, 2023-cü ilin sentyabrından Azərbaycanın bütöv, suveren sərhədləri çərçivəsində mövcudluğunun əsas şərti oldu. Bu tarixi zəfərə qədər görülən işlər, həyata keçirilən siyasət, ordu quruculuğu, xalqımızın mənəvi baxımdan silahlandırılması, həm də soyqırımı kimi faciələrimizin gerçək  mahiyyətinin dərk olunmasından qaynaqlanırdı. 1918-ci il azərbaycanlıların soyqırmının 100 illiyi haqqında cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli sərəncamı əslində 26 mart 1998-ci il tarixli fərmanın məntiqi davamı və gələcəyə hesablanmış mühüm hüquqi-siyasi  sənəd idi.

Xalq olaraq tariximizin qara səhifələrindən dərs aldıqsa da, döyüş bacarığımızla  ermənilərə öz yerini göstərməyimiz sayəsində xalqımıza qarşı zaman-zaman soyqırımı həyata keçirmiş mənfur düşmənə həm də dərs keçmiş olduq. Odur ki, 31 mart gününün tarixi dərslərindən nəticə çıxardığımız kimi, düşmənə keçdiyimiz dərsin tarixidə unudulmaz oldu. Respublikamızın prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin post müharibə dövründə  müəyyən etdiyi inkişaf strategiyamız  hələ tariximizin bir çox qaranlıq səhifələrinə işıq salacaq, dünya xalqları və dövlətləri tariximizin dərsləri ilə yanaşı dərslərimizin tarixini də öyrənəcəklər.

Kamil Qurbanlı,
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri