01 aprel 2025 23:39
181

Bu ilin ilk ayında paytaxtın sosial-iqtisadi mənzərəsi

Bakı şəhərində yanvar-fevralda görülmüş işlərə yekun vurulub

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-fevral aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  8,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma, 22,9  faizi emal, 3,1  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 79,1 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,2 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 mart  2025-ci il vəziyyətinə 575,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 44,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 84,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,0 faizini əsaslı təmir, 4,0 faizini cari təmir, 4,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 89,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ilin yanvar-fevral aylarında  pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 5621,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3057,9 milyon manata, qeyri-ərzaq malları isə 8,0 faiz artaraq 2563,3 milyon manat olmuşdur. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ilin yanvar-fevral ayında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,0 faiz artaraq 220,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 163,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 74,0 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ilin yanvar-fevral ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 1319,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1190,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,2 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1332,6 manat təşkil etmişdir.     

Bakı Şəhər Statistika İdarəsi