01 aprel 2025 16:41
203

“Türk iqtisadi icmalı”nın 2024-cü il üzrə buraxılışı dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib.

“İki sahil” xəbər verir ki, İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2024-cü il üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2024-cü ildə Türk dövlətləri 2,11 trilyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 1,8%-lik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Hesabat dövründə Türk dövlətləri 3,2%-lik qlobal artım tempi ilə müqayisədə 5,2% ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9%, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2% iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3%, ŞKTR-də 7,3% təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1%, 4,8% və 6,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Macarıstanda ÜDM artım tempi 0,5% təşkil edib. 

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi $1,17 trilyon ABŞ dolları təşkil edib ki, bu da $33 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,5%-nə bərabərdir. TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard ABŞ dolları hədəfinə çatmağı qarşısına məqsəd qoyub ki, bu, regiondakı iqtisadi əlaqələri daha da gücləndirəcək.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 605,88 milyard ABŞ dolları ilə liderlik edir. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 141,41 milyard  ABŞ dolları və $65,93 milyard ABŞ dolları ilə ticarət həyata keçirib. Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Azərbaycan 5,27 milyard ABŞ dolları miqdarında müsbət ticarət balansına nail olub. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Türkiyə və Qazaxıstan müvafiq olaraq 3,7% və 2,8% artımla liderlik edib. Bu artıma  genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Qazaxıstan 13,7% ilə ən güclü artım nümayiş etdirib. Qırğızıstan və Özbəkistan da kənd təsərrüfatında müvafiq olaraq 6,3% və 3,1% artım əldə edib. Macarıstan isə -10,4% azalma göstərib ki, buna Avropada kənd təsərrüfatı sahəsində genişmiqyaslı problemlərin səbəb olduğu  ehtimal edilir.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2024-cü ildə Qazaxıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 7,5% və 6,1% artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qırğızıstan və Özbəkistan da sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 3,8%, Qazaxıstanda 20%,  Özbəkistanda 18%, Türkiyədə 16% artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Macarıstanın bank sektoru isə daha mülayim artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5%, dövlət büdcəsi xərclərində isə 63,6% olmaqla ən yüksək artımı qeydə alıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib. Qırğızıstan daha yüksək fiskal kəsirə malik olsa da,  dövlət büdcəsi gəlirlərində əhəmiyyətli artım əldə edib.

Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.

“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir. Aşağıdakı linklərdən həmin dillərdə olan nəşrlərlə tanış ola bilərsiniz:

Azərbaycan dilində: https://shorturl.at/LKvDS

ingilis dilində: https://shorturl.at/HRVNS

rus dilində: https://shorturl.at/YLqBA

türk dilində: https://rb.gy/e58b3q

macar dilində: https://rb.gy/57g1y2

özbək dilində: https://rb.gy/8c2yyl

qazax dilində: https://rb.gy/g0kgzz

qırğız dilində: https://rb.gy/hebia4