Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında görüş olub.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Numan Kurtulmuş Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, xalqın iradəsi ucadır, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu da gələcək inkişafın əsasına çevrilməlidir.
Bildirilib ki, Gürcüstan və Türkiyəni çoxillik səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq birləşdirir.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri də müzakirə olunub. Tərəflər yaxın vaxtlarda sədrlər səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.
Dünyada və regionda baş verən proseslər, çağırışlar da diqqət mərkəzində olub.
Ş.Papuaşvili türkiyəli həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.