İqtisadçı Rəşad Həsənov: 2025-ci ilin dövlət büdcəsinin birinci rüb üzrə göstəriciləri pozitiv istiqamətlidir
Bildiyimiz kimi, dövlət büdcəsi dövlətin həm mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və həmçinin istifadə edilməsinin ən əsas maliyyə planı olmaqla dövlətin funksiyalarının və vəzifələrinin həyata keçirilməsində həlledici rol oynayır. Ölkədə davamlı inkişafın dinamizmini qorumaq, beynəlxalq proseslərə optimal və pozitiv cavab vermək üçün dövlətin əsas maliyyə sənədi olan büdcənin və büdcə prosesinin elmi surətdə əsaslandırılmış prinsiplərə uyğun təşkilini və onun üzərində maliyyə nəzarətinin gücləndirilməsini obyektiv zərurətə çevirib. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. 41 milyard manat olan 2025-ci ilin dövlət büdcəsi Azərbaycan tarixində rekorddur. 2025-ci ilin dövlət büdcəsi dayanıqlı və müsbət dinamikalı göstəriciləri özündə ehtiva etməkdədir. 2025-ci ilin dövlət büdcəsi cari ildə və sonrakı illərdə ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə imkan verir. Bu ilin ilk üç ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib. Bu barədə Maliyyə Nazirliyi hesabat yayıb. Belə ki, I rübdə dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstərici qeydə alınıb.
Nazirliyin hesabatına görə, 2025-ci ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub: “Belə ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.”
Maliyyə Nazirliyinin hesabatında o da bildirilib ki, Dövlət Neft Fondundan transfert isə 3 620,3 milyon manat həcmində olub: “2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 280,0 milyon manat proqnoza qarşı 8 115,0 milyon manat, yəni 98,0 faiz icra edilib. Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2,0 faiz, yəni 165,0 milyon manat az yerinə yetirilib.”
İqtisadçı ekspert Rəşad Həsənov Maliyyə Nazirliyinin hesabatını “İki sahil”ə şərh edərək bildirib ki, 2025-ci ilin dövlət büdcəsinin birinci rüb üzrə göstəriciləri təbii ki, pozitiv istiqamətlidir: “Bunun səbəbi isə gəlirlərin həm proqnozla, həm də ötən ilin eyni dövrü ilə müqayisədə artıq icra edilməsidir. Ümumiyyətlə gəlirlərdə 2025-ci ilin birinci rübü üçün təbii ki, artımlar proqnozlaşdırılırdı. Bunun müxtəlif iqtisadi əsasları var idi. Faktiki olaraq, 2025-ci ilin birinci rübü üçün gəlirlərin artım səviyyəsi 5,5 faiz ətrafındadır. Bu da tamamilə həmin dövr üzrə qeydə alınan inflyasiya göstəricilərinə təxminən uyğun gəlir. Yəni, bu, faktiki olaraq iqtisadi böyümənin, vergi bazasının genişlənməsi fonunda iqtisadiyyatın nominal böyüməsindən qaynaqlanan artımdır. Bu artım həm vergi orqanlarının, eyni zamanda, Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olmalarda özünü göstərən əsas faktordur.”
Orxan Vahidoğlu, “İki sahil”