09 aprel 2025 00:57
333

Azərbaycanın yaşıl enerji siyasəti: Ekoloji sabitliyin təminatı

Son illərdə Avrasiya regionunun enerji mənzərəsində ciddi dəyişikliklər müşahidə olunur və Azərbaycan bu transformasiyanın əsas iştirakçılarından biri kimi çıxış edir. Azərbaycanın geosiyasi mövqeyi və zəngin enerji resursları onu regional və beynəlxalq enerji siyasətində mühüm oyunçuya çevirmişdir. Bu dəyişikliklər xüsusilə Cənubi Qafqazda enerji dəhlizlərinin inkişafı, şaxələndirilməsi və alternativ enerji mənbələrinin artırılması ilə əlaqədardır. Azərbaycan, həmçinin Avropanın enerji tədarükünü genişləndirmək məqsədilə müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edir. Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu möhkəmləndirir. Bu layihələr vasitəsilə Azərbaycan təbii qazını həm Asiya, həm də Avropa bazarlarına daşımaqla, həm öz iqtisadiyyatını inkişaf etdirir, həm də regionda enerji təhlükəsizliyinə töhfə verir.

Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bunun bariz nümunəsidir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də strateji mövqeyə malik olan təşəbbüskar dövlətdir. Bu gün Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadə, həyata keçirilən layihələr, ölkənin ekoloji dayanıqlılığını təmin etməklə yanaşı, dünya miqyasında karbon emissiyalarını azaldan addımlar atmağa imkan verir. Azərbaycanın külək və günəş enerjisi potensialı gələcəkdə yaşıl enerji siyasətinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır.

Ənənəvi enerjidən yaşıl enerjiyə keçidin qlobal miqyasda müzakirə olunduğu bir dövrdə Azərbaycan bu sahədə liderlik nümayiş etdirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir. Yaşıl enerjinin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.

Yaşıl Enerji Məşvərət Şurasının iclasında təqdim olunan rəqəmlər göstərir ki, artıq 2030-cu ilə qədər 6.5 giqavatlıq günəş, külək və su enerjisi istehsalı hədəflənir. Bu, həm daxili enerji tələbatının ödənməsi, həm də ixrac potensialının genişlənməsi baxımından mühüm addımdır. Avropaya yaşıl elektrik enerjisinin ötürülməsini nəzərdə tutan “yaşıl kabel” layihəsi də bu strateji kursun tərkib hissəsidir. Hazırda texniki əsaslandırma işləri son mərhələdədir və bu layihənin maliyyələşdirilməsi üçün Avropa təsisatları ilə danışıqların başlanması planlaşdırılır.

Ölkəmiz dünya miqyasında ekoloji davamlılıq sahəsində müsbət addımlar atmağı hədəfləyir. Azərbaycanın ekoloji davamlılıq sahəsindəki tədbirləri yalnız daxili siyasətlə məhdudlaşmır, həmçinin qlobal ekoloji məsələlərdə fəal iştirak edir və beynəlxalq əməkdaşlıqla ekoloji təhlükəsizliyi təmin etmək məqsədini güdür. BMT-nin və digər beynəlxalq təşkilatların təşəbbüslərinə dəstək verərək, ekoloji problemlərin həlli üçün birgə işlər aparır. Bu əməkdaşlıq həm Azərbaycanın ətraf mühitin qorunması sahəsindəki sadiqliyini, həm də dünya səviyyəsindəki ekoloji çətinliklərin həllinə olan töhfəsini göstərir. Azərbaycanın ekoloji təhlükəsizliyə verdiyi önəm yalnız ölkə daxilindəki mühitin qorunması ilə kifayətlənmir, eyni zamanda, qlobal səviyyədəki ekoloji məsələlərə də diqqət yetirir. Ölkə  iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması və təbiətin mühafizəsi sahəsində beynəlxalq müqavilələrin həyata keçirilməsinə böyük dəstək verir. Son illər ölkə bərpaolunan enerji mənbələrindən istifadənin artırılması üçün müxtəlif layihələr həyata keçirməyə başlayıb. Prezident İlham Əliyev Azərbaycanın ekoloji cəhətdən dayanıqlı enerji istehsalı yolunda addımlar atmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin genişləndirilməsini də prioritet məsələlərdən biri elan edib.

Azərbaycan günəş və külək enerjisi potensialı baxımından böyük imkanlara malikdir. Xüsusilə ölkənin cənub və qərb bölgələrində  əsasən də Xəzər dənizinin ətrafında külək enerjisi istehsalı üçün geniş imkanlar mövcuddur.

Ölkəmizin bərpaolunan enerji sahəsindəki inkişafı ekoloji cəhətdən təmiz və dayanıqlı bir gələcəyin qurulmasında mühüm rol oynayır. Ölkənin enerji siyasəti, həm daxili bazarda, həm də beynəlxalq arenada böyük əhəmiyyət kəsb edir və bu sahədə atılan addımlar Azərbaycanı regional və qlobal miqyasda daha da gücləndirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”