12 aprel 2025 00:11
192

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli və uğurla həyata keçirilir

Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq bəşəriyyətin bu günü və gələcəyi üçün böyük təhlükə yaradır. Bu baxımdan dünya dövlətləri dəyə biləcək zərərlərin minimuma endirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə üsullarını və müalicəsi metodlarını daha da təkmilləşdirir və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq imkanlarını artırırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin praqmatik siyasəti, sistemli və ardıcıl yanaşmanı təmin edən məqsədyönlü, konkret nəticəyə hesablanmış qərarları, sosial-iqtisadi və hüquqi islahatları nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevirilmişdir. Dövlətimizin yürütdüyü çoxşaxəli siyasətdə insan amili, onun sağlamlığı və rifahı da mühüm yer tutur.

Milli maraqları nəzərə alınmaqla zamanın hər bir çağırışına adekvat cavab verərək narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv və səmərəli xarakter almış, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində institusional və əməli praktiki tədbirlər həyata keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarət və onun icrası daim diqqət mərkəzində saxlanılmışdır.

2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında Dövlət Komissiyası sədrinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin və ölkədə fəaliyyət göstərən aparıcı media subyektlərinin rəhbərlərinin iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində media subyektləri tərəfindən görülmüş işlərin müzakirəsi üzrə görüş keçirilmiş,

habelə isə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib. İclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq zəruri qərarlar qəbul edilib.

Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də zəruri dəyişikliklər edilmiş, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi ilə əlaqədar külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiyalar yaradılmış, həmçinin qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi ilə əlaqədar az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları yenidən formalaşdırılmışdır.

Habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri, vəzifələri üzrə əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatla bağlı arayışın tələb olunması və bu hallarla bağlı inzibati məsuliyyətin müəyyən edilməsinə dair Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanun və Fərman layihələrinin hazırlanması təmin edilib. Həmin layihələr hazırda razılaşdırılma mərhələsindədir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirmiş, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edərək, cinayətkar qruplar zərərləşdirilmiş və 2024-cü ildə ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psxiotrop maddələrin miqdarı 2023-cü illə müqayisədə azalmışdır. Belə ki:

 2024-cü il ərzində hüquq mühafizə orqanları tərəfindən aşkar edilmiş 8871 cinayət faktı üzrə 6 ton 832 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr  və  psixotrop  maddə  qanunsuz  dövriyyədən çıxarılmış, bu da 2023-ci illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop

maddələrin miqdarı 226 kq və ya təxminən 3,2 faiz az olmuş;

 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 7316 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, bu da 2023-ci illə müqayisədə 1461 nəfər azalmış;

 2024-cü il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 262 fakt aşkar edilmiş (2 ton 732 kq narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir) bu da 2023-ci illə müqayisədə 32 fakt azalmış;

   2023-cü illə müqayisədə 2024-cü il ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 410 kq 418,414 qr (72,2%), tiryəkin çəkisi 114 kq 652,054 qr (40,9%), həşişin çəkisi 14 kq 614,899 qr (27,3%), kokainin çəkisi 651,333 qr (86,8%), psixotrop maddələrin çəkisi 198kq 265,909 qr (47,9%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 711 kq 629,989 qr-n      (83,5 %) marixuana təşkil etmişdir. Onun da 5 ton 008 kq 915,519 qramı (87,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 702 kq 714,47 qramı (12,3%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 832 kq 879,937qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon 95 min manat kimi qiymətləndirilir

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 341-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 672 kq 689,969 qr və 13220 ədəd metadon həbi narkotik vasitə, 213 ədəd psixotrop maddə və 280,9 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7316 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək - 4 nəfər, 18-25 yaşadək 539 nəfər, 26 - 29 yaşadək 1088 nəfər, 30 yaş və ondan yuxarı isə 5685 nəfər təşkil edir. Həmin şəxslərdən 7085-i kişi, 231-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 71 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 71 xarici ölkə vətəndaşından 30-u İran İslam Respublikası, 14-ü Rusiya, 15-i Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i Hindistan  vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 279 kq 877,211 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

3202 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 015 kq 101,147 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Ötən il Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 1758 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 3 ton 678 kiloqram, 62700 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, 3877 həb və 19341 kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, o cümlədən 58773 ədəd narkotik xassəli çətənə bitkisi yandırma yolu ilə məhv edilmişdir.

Eyni zamanda 56 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 2707 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.

Həmçinin cari ildə dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilmişdir.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1460,3 hektar sahədə çəkisi 458 ton 803 kq 994 qram olan 2 909 014 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 91086 nəfər  istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş  3213 nəfərdən 1981 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Səhiyyə Nazirliyi tərəfindən 2023-cü ildə qəbul olunmuş yeni statistik hesabat formasına uyğun təqdim edilmiş məlumata əsasən respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 2024-cü il 31 dekabr tarixə 40.490 nəfər təşkil etmişdir. Onlardan 20.182 nəfəri opioidlərin, 8.611 nəfəri kannabioidlərin, 11.697 nəfəri isə bir neçə narkotik maddəni eyni zamanda qəbul etməsi nəticəsində psikası və davranışı pozulmuş şəxslər, o cümlədən 1.005 nəfəri qadındır. Hesabat ilində dispanser nəzarətinə müvafiq diaqnozla 4.967 nəfər götürülmüş və 1.136 nəfər nəzarətdən çıxarılmışdır.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 322, QİÇS-lə Mübarizə Mərkəzində 375, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər)  836  xəstə müalicə alır.


Əlavə olaraq qeyd olunur ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda 2024-cü ilə dair hazırlanmış interaktiv xəritə üzrə əldə olunan statistik məlumatlar göstərir ki:

         Bakı iqtisadi rayonu üzrə:

  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 4438 fakt aşkar edilmiş və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 0,1% azalmış;

  qanunsuz dövriyyədən 1 ton 213 kq-dan artıq müxtəlif növ narkotik vasitə müsadirə edilmiş və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin miqdarı 213 kq çox olmuş;

  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3240 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş və 2023-cü illə müqayisədə 649 nəfər azalmış;

  narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 12850  nəfərdir.

 Abşeron-Xızı iqtisadi rayonu üzrə:

  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 1044 fakt aşkar edilmiş və 2022-ci illə müqayisədə cinayət faktlarının sayı 19,3% azalmış;

  qanunsuz dövriyyədən 384 kq-dan artıq müxtəlif növ narkotik vasitə götürülmüş və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin həcmi 189 kq az olmuş;

  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 996 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş və 2023-cü illə müqayisədə 1 nəfər azalmış;

  narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 5447 nəfərdir.

Lənkəran-Astara iqtisadi rayonu üzrə:

  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 559 fakt aşkar edilmiş və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 31,8% azalmış;

  qanunsuz dövriyyədən 1 ton 920 kq-dan artıq müxtəlif növ narkotik vasitə çıxarılmış və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin miqdarı 69 kq-dan çox olmuş;

  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 513 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş və 2023-cü illə müqayisədə 239 nəfər azalmış;

  narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 5255 nəfərdir.

  Şirvan-Salyan iqtisadi rayonu üzrə:

  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 493 fakt aşkar edilmiş və 2023-cü illə müqayisədə cinayət faktlarının sayı 24,9% azalmış;

  qanunsuz dövriyyədən 451 kq-dan artıq müxtəlif növ narkotik vasitə götürülmüş və 2023-cü illə müqayisədə müsadirə edilən narkotiklərin və psixotrop maddələrin həcmi 111 kq-dan çox olmuş;

  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 460 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş və 2023-cü illə müqayisədə 206 nəfər azalmış;

  narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 3664 nəfərdir.

Narkotik vasitələrdən aşırı doza nəticəsində ötən ildə  4-ü qadın və 83-ü kişi olmaqla ümumilikdə 87 nəfər vəfat etmişdir. 2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə otən ilin müvafiq dövrində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı  84 nəfər ( 51,8 %) azalmışdır.

“802 qaynar xətt” telefon zəng xidmətinə  1668 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 154-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 114-ü narkotik asılılıqdan müalicə, 1400-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 268 məktub ünvanlanmışdır. Qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.  

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən hazırlanmış narkotik tərkibli bitkilərin yabanı halda inkişafının, yetişməsinin və vegetasiyasını əks etdirən yeni formada xəritə, tablo və fotoalbomlar hazırlanmışdır.

Təqdim olunmuş materillarda respublikanın fərqli bölgələrində narkotik tərkibli yabanı bitkilərin yeni yayılma yerləri, həm də introduksiya olunmuş halda  (başqa yerdən gətirilib əkilməsi) o cümlədən vegetasiyaya uyğun olaraq çiçəkləmə dövrü və morfoloji xüsusiyyətləri yer almışdır.

Tədbirlər Planının 4.4.29-cu yarımbəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun və qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonu üzrə 5 məktəbdə, Qəbələ Peşə Təhsil Mərkəzində, Lənkəran Milli Elmlər Akademiyasının Regional Elmi Mərkəzində və Lənkəran Tibb Kollecində, Masallı Gənclər Evində, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evində, Şirvan Gənclər Evində, Sabirabad Dövlət Sosial İqtisadi Kollecində və Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimi internat tipli gimnaziyada təşkil edilən maarifləndirmə tədbirlərində ümumilikdə 1.000-ə yaxın yeniyetmə və gənc iştirak etmişdir.

Belə ki, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun 2024-cü ili əhatə edən birgə Tədbirlər Planı çərçivəsində mövzuya dair interaktiv təlimlərin, müxtəlif həştəqlərlə sosial aksiyaların, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol!” devizli marafonun keçirilməsi və televiziyada işıqlandırılması təmin edilmiş, hesabat dövründə ümumilikdə 16 birgə tədbir həyata keçirilmişdir. Bununla yanaşı sosial şəbəkələrin bütün seqmentlərində #Narkomaniyayason və #StopNarkomaniya həştəqləri ilə 44 mindən çox poster, video yayınlanması və müxtəlif maarifləndirici materialların paylaşılması təmin edilmişdir.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq 11 maarifləndirmə tədbiri təşkil edilmişdir.

Gənclər Fondu ilə antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planına əsasən 2024-cü ildə gənclər təşkilatlarının könüllülərinə təlimlərin keçirilməsi, inteqrasiya təlimli internat məktəblərində və “Səyyar Gənclər Xidməti” layihələri çərçivəsində müvafiq mövzuda maarifləndirici görüşlərin keçirilməsi təmin edilmiş və ümumilikdə təşkil edilən 53 birgə tədbirə 9600 yeniyetmə cəlb edilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurası və Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı 20-dən çox audiovizual media subyektinin nümayəndələri üçün 2024-cü il 24 dekabr tarixində təlim keçirilmişdir.

Bununla yanaşı, hesabat dövründə Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Lənkəran, Salyan, Biləsuvar, Cəlilabad, Masallı şəhər və rayonları üzrə mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı Sabunçu Gənclər Evində, Yevlax Gənclər Evində, Lənkəran Gənclər Evində, Şirvan Gənclər Evində, Qaradağ Gənclər Evində ümumilikdə 175 gəncin iştirakı ilə intellektual müsabiqələr təşkil edilmiş, fəal iştirakçılar diplom və sertifikatlarla mükafatlandırılmışdır.

Qurumun təşkilatçılığı ilə aidiyyəti qurumların mütəxəssisləri cəlb edilməklə Abşeron rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqları üçün “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda 400 nəfər cəlb edilməklə treninqlər təşkil edilmişdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının layihə rəhbərləri üçün təlim keçirilmişdir.

Tədbirlərin davamı olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən FHN-in Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Avrasiya Kollecində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomanlıq probleminə dair tələbələr üçün ictimai mühazirə və seminarlar keçirilmişdir.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki Sahil” qəzetində rubrika açılmış və qrafikə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən təqdim olunan məqalələr hər həftənin şənbə günləri dərc edilmişdir.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ötən ilin 3 may tarixində keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel sessiya təşkil edilmişdir. Panel çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupunun, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ictimai əhəmiyyəti, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi, eyni zamanda görülən işlərin auditoriyaya effektiv şəkildə ötürülməsində medianın rolu barədə 30-dan çox media subyektinin iştirakı ilə geniş müzakirələr aparılmışdır.

Həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyekti tərəfindən ümumilikdə 5129 maarifləndirici materialın dərc olunmasını təmin etmişdir.

Hesabat dövründə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında uzunmüddətli nümayiş olunmuş, ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında isə ümumilikdə 29563 dəfə yayımlanmışdır.  

Bundan əlavə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə zəruri əyani təbliğat materialları (bukletlər) İşçi Qrupu tərəfindən təşkil edilən bütün tədbirlərdə aidiyyəti üzrə paylanılması təmin olunmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə sms maarifləndirmə layihəsi çərçivəsində 2023-cü il 20 iyun tarixindən başlayaraq sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı “Azərfon”, “Bakcell” MMC və “Azercell Telekom” MMC vasitəsilə ümumilikdə 9,9 milyon aktiv abunəçiyə  sms bildirişinin göndərilişdir.

Bakı şəhərinin Nəsimi, Nərimanov, Binəqədi, Sabunçu, Qaradağ, respublikanın Abşeron, Ağdaş, Göygöl rayonlarında “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri”, “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” və s. mövzularda maarifləndirici görüşlər keçirilmişdir.

Tədbirlər Planının 4.1.15-ci yarımbəndinin icrası məqsədilə Gənclər və İdman Nazirliyi və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən birgə əməkdaşlıq çərçivəsində narkomaniya ilə bağlı sosioloji tədqiqatın aparılması ilə əlaqədar beynəlxalq təcrübəyə istinadən “Gənclərin narkomaniya problemlərinin öyrənilməsi” mövzusu üzrə 28 rayon və şəhərdə 14-29 yaş hədlərində olan 7340 nəfər gəncin iştirakı ilə onlayn sorğu keçirilmişdir.

Eyni zamanda, yuxarıda qeyd olunan bütün tədbirlər “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə  aidiyyəti dövlət  qurumlarını cəlb etməklə ümumilikdə 184 tədbir (95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 7 sosial layihə, 5 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilmişdir.

Göstərilənlərlə yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda hazırlanmış və layihə sənədində qısa xülasə, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəricilər, məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə mexanizmləri və tədbirlər planı öz əksini tapmışdır.

Eyni zamanda, tərəfimizdən cari il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində təbliğat işinin gücləndirilməsi, infoturların təşkil edilməsi, həmçinin Səyyar Gənclər Xidməti layihəsinin davam etdirilməsi və intellektual müsabiqələrin, sosial aksiyaların təşkili planlaşdırılmışdır.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri