18 aprel 2025 22:36
261

Günümüzün tarzəni

Vamiq Məmmədəliyev: Müşayiətin özü də bir elmdir

Vamiq Məmmədəliyev öz müasirləri olan bütün xanəndələrlə layiqincə çalıb-çağırmış bir sənətkar kimi tanınır. Elə bu səbəbdən ifası ilə xalq tərəfindən sevilən bu sənətkarın adı hər yerdə hörmətlə çəkilir.  Beləliklə, müsahibimiz ömrünün 79-cu baharını yaşayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyevdir.

- Siz Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayırsınız. Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev kimi akademiklər yetirmiş, həmçinin sizin kimi Xalq artisti yetişdirmiş  qəsəbədəki abadlıq işləri barədə bir neçə kəlmə söyləməyinizi xahiş edirəm.

-Kürdəxanı doğrudan da ziyalılar ocağıdır. Buradan kimlər çıxıb  kimlər... Onları bu torpaq yetişdirib. Konkret sualınıza gəldikdə, zəngin keçmişi olan yaşayış məskənimizdə ağlım kəsəndən bəri indiki səviyyədə, hazırkı miqyasda heç vaxt abadlıq işləri aparılmayıb. Belə ki, qəsəbənin yollarının böyük hissəsi yenidən qurulub. Bircə faktı qeyd edim ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Qəsəbənin bağ ərazilərinə daha yaxın və təhlükəsiz keçidi üçün yenidən qurulan dəmir yolunun altından tunel inşa edilib. Xoşbəxt Yusifzadə və Vasim Məmmədəliyev kimi akademiklər, mənim kimi Xalq artisti, onlarla professor, elmlər doktoru yetirmiş, yararsız vəziyyətə düşmüş 113 nömrəli tam orta məktəb əsaslı təmir olunub. Bu qəsəbənin heç vaxt istirahət parkı olmamışdı. Zeytunluq adlanan ərazidə park yaradılıb. Köhnə ambulatoriya ləğv edilərək əvəzində Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı Sağlamlıq Mərkəzi inşa edilib. Əhaliyə daha operativ xidmət üçün Təcili Yardım stansiyası yaradılıb. Əvvəllər qəsəbə klubunda məskunlaşmış Kürdəxanı bələdiyyəsi üçün yeni bina tikilib istifadəyə verilib. İndi qəsəbədən 20 dəqiqəyə Sumqayıta, 30 dəqiqəyə aeroporta çatmaq mümkündür. Bütün bunlar da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır. Amma hazırda bircə kanalizasiya ilə bağlı problem var. Güman edirəm ki, o da tezliklə həllini tapar.

 Xoşbəxt müəllim dedi ki, bir “Segah” təsnifi ifa edin

-Yeri gəlmişkən, adlarını sadaladığım Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev kimi akademiklərlə bağlı hansı maraqlı xatirələriniz var?

-Ümumiyyətlə, kürdəxanılılar Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev kimi ziyalılara  çox böyük hörmət bəsləyiblər. Məsələn, onlar bu və digər məclislərdə görünəndə hamı ayaq üstə durar, söhbətlərini maraqla dinləyərdilər.  Şübhəsiz, bu, onlara olan el sevgisindən irəli gəlirdi. İndi də buranın camaatı öz ziyalılarına belə dəyər verir. İndiki kimi yadımdadır. Akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyi keçirilirdi. Mən də həmin tədbirə dəvət olunmuşdum. Özümlə də bir xanəndə aparmışdım. Yeri gəlmişkən, Bakı kəndləri muğamı çox sevirlər. Həmin tədbirdə Xoşbəxt müəllim dedi ki, bir “Segah” təsnifi ifa edin. Onu da deyim ki, o, muğam aləmini yaxşı dərk edirdi. Onun bu seçimi də elə bundan xəbər verirdi. Həmin təsnif ifa olunanda mən hərdən Xoşbəxt müəllimə fikir verirdim. İlahi, o anlarda mənə elə gəlirdi ki, akademikimiz sanki bu təsniflə nəfəs alır. Qardaşım Vasim Məmmədəliyevə gəldikdə isə, onunla bağlı o qədər xatirələrim var ki...

-Ötən əsrin 60-cı illərində Vasim Məmmədəliyev Əli Fəhmi ilə birgə “Qurani-Kərim”i tərcümə etməyə başlayıblar. Lakin sona çatdıra bilməyiblər? Bəlkə, bununla bağlı bir neçə kəlmə söyləyəsiniz?

-Görkəmli şərqşünas-alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülən akademik Vasim Məmmədəliyev ölkəmizdə şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafına mühüm töhfələr verib, özündən sonra böyük irs qoyub. Zəngin elmi və pedaqoji fəaliyyəti ilə seçilən Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. 1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Vasim Məmmədəliyev və Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Amma bu, bir faktdır ki, hələ ötən əsrin 60-cı illərində qardaşım Vasim Məmmədəliyev ərəb dillərini mükəmməl bilən, ilahiyyatın da mahir bilicisi kimi tanınan Əli Fəhmi ilə birgə “Qurani-Kərim”i tərcümə etməyə başlayıblar, lakin sona çatdıra bilməyiblər. Bunun da səbəbi Moskvanın hansısa yollarla onların bu işindən xəbər tutması  və işlərini davam etdirməyə icazə verməməsi olub. Onlar da tərcüməni saxlamaq məcburiyyətində qalıblar. Onu da qeyd edim ki, atam rəhmətlik  Əli Fəhmi ilə həm qonşu, həm də siğə qardaş olublar.  Mənim atam Məmmədəli kişi də ərəb dilini yaxşı bilirdi. Hətta o, Leninqradda Şərq Dilləri  İnstitutunda iki il ərəb dilini öyrənib, sovet ərəbşünaslığının öndəri, akademik İqnati Kraçkovskinin tələbəsi olub. Bu mənada qardaşıma  “Qurani-Kərim”i Azərbaycan dilinə çevirmək istəyi atamdan keçib desəm səhv etmərəm. Bir də qardaşım sonradan, daha doğrusu, ötən əsrin 90-cı illərində bu işə qayıdır və Ziya Bünyadovla birlikdə “Qurani-Kərim”i  tərcümə etməyə başlayır. Hə, onu da deyim ki, qardaşım Vasim müəllim  muğamı çox gözəl bilirdi. Hətta Hacıbaba Hüseynov kimi bir sənətkar onun  yanına məsləhətə gələrdi.

-Məmmədəliyev deyəndə, bizdə belə bir sual da yarandı: Sizin görkəmli  kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik  Yusif Məmmədəliyevlə  qohumluq əlaqəniz varmı?

- Yusif Məmmədəliyev atamın doğma əmisi oğlu olub. Onun adı çəkiləndə  atam həmişə çox böyük qürur hissi keçirərdi. Azacıq da olsa yadıma gəlir ki, Yusif müəllim  hərdən bizə də gələrdi.

Bizim evdə hamı tarı dilləndirə bilirdi

-Tarzən kimi yetişməyinizdə hansı sənətçilərin zəhməti olub?

-Mənim tarzən kimi yetişməyimdə Qurban Pirimovun, Hacı Məmmədovun, Bəhram Mansurovun, Sərvər İbrahimovun, Firudin Ələkbərovun danılmaz xidmətləri olub. Yəni, mən onların ifalarına qulaq asmaqla və üzərimdə mütəmadi işləməklə bu səviyyəyə gəlib çatmışam.

Amma bir sənətkar kimi pixtələşməyimdə  görkəmli tarzənlərimiz -Əhməd Bakıxanov və Bəhram Mansurovun rolu çox olub.

Onu da deyim ki, atam tarzən olmasa  da yaxşı tar çalardı. Yəni o,  tarı sevən, onu özünəməxsus şəkildə ifa edən bir kişi olub. Elə tar çalmağı da özü sərbəst öyrənmişdi. Yadıma düşmüşkən, o illərdə əksər ziyalıların evlərində  tar olardı. Bizim evdə hamı əgər belə demək mümkünsə,  tarı dilləndirə bilirdi. Lakin sonradan bu sənətin dalınca gedən yalnız mən oldum. Bununla həm də atamın tara olan sevgisini yaşatdım. Bir məsələni də vurğulayım. Romantik şairimiz Məhəmməd Hadinin belə bir kəlamı var:

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,

Yoxsa, bu həyat aləminə olma bir əngəl.

Ərbabi-kəmalın yeridir bil ki, bu meydan,

Bədbəxt yaşar torpağın üstündəki nadan.

Yəni, demək istəyirəm ki, gərək insanın özünün də çalışdığı sahəyə marağı olmalıdır ki, nələrsə əldə edə bilsin. Mən heç zaman pulun dalınca qaçmamışam, həyat aləminə əngəl olmamışam. Həmişə fikrim sənətimdə olub. Belə olmasaydı Əməkdar artist, Xalq artisti adlarına, professor elmi dərəcəsinə layiq görülməzdim. Belə olmasaydı, Prezidentimiz məni mənzillə təmin etməzdi. Şübhəsiz, bütün bunlar həm də dövlətimizin, xalqımızın sənət adamlarına verdiyi yüksək dəyərin təzahürüdür.

-Siz Bakı toylarında çox olmusunuz, o dövrdəki xanəndələrlə indiki xanəndələr arasında hansısa paralellik apara bilərsinizmi?

- Bəli, elədir, mən Bakı toylarında çox olmuşam. O dövrün xanəndələri, həmçinin ab-hava tamam başqa idi.  Özü də bu və ya digər xanəndə muğamı iki saat saat yarım oxuyardı. O dövrdə nə mikrofon var idi, nə səsgücləndirici. Yeri gələndə musiqiçilərə, xanəndələrə irad da tutardılar. Məsələn, filan qəzəlin filan beytini düz demədin. Yaxud əgər “Rast” sifariş verilibsə, xanəndə onu axıra kimi oxumalı idi: “Bərdaş”dan, “Maye”dən tutmuş, “Qəraye”yə qədər. Əgər birini ötürsəydi, irad tutardılar ki, filan şöbə qaldı. Ona görə də musiqiçilər, xanəndələr daha diqqətli olardılar. Bu mənada demək olar ki, o zaman xanəndələri xanəndə edən Bakı toyları olub. O zaman Bakı toylarının da özünəməxsus ağırlığı, məsuliyyəti var idi. Mənə elə gəlir ki, bəlkə də elə bu kimi səbəblərdən camaat musiqiyə daha çox hakim kəsilərdi. O dövrün xanəndələrini də müşayiət etmək asan məsələ deyildi.

- Xanəndələrdən ən çox kimləri müşayiət etmək sizə xoş gəlib?

-Müşayiət etdiklərimin demək olar ki, hamısı.

-Vamiq müəllimin indiyədək hansı xanəndənin tanınmasında rolu olub?

-Xalq artisti Alim Qasımovu misal göstərə bilərəm. Yəni, kifayət qədər tanınana qədər mən onu müşayiət etmişəm. Xalq artisti Zabit Nəbizadəni, rəhmətlik Elçin Cəlilovu, Rəvan Qaçayevi, Məftun Cəfərovu da bura əlavə etmək istərdim. Mən onlara, həmçinin muğamın bəzi incəliklərini də öyrətməyə çalışmışam, suallarını cavablandırmışam.

Muğam bəstəkarlarımız üçün ilham mənbəyi olub

- Siz muğamı yaxşı bilirsiniz. Ona görə də həm də muğam bilicisi kimi tanınırsınız? Muğamımızın bu günü, yeni yetişən xanəndələr  barədə nə deyə bilərsiniz?

-Əvvəlcə Bəri başdan qeyd etməyi özümə borc bilirəm ki, dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib. Bütün bunlar  o deməkdir ki, muğam bəstəkarlarımız üçün ilham mənbəyi olub. Hətta kosmosda da səsləndirilən muğam bu gün də dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaqdadır. Şübhəsiz, bu prosesdə 2005-ci ildən etibarən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun keçirdiyi “Muğam” televiziya müsabiqələrinin bu istiqamətdəki fəaliyyəti diqqətəlayiqdir. Artıq bu müsabiqənin qaliblərli bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıının,  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Azərbaycan Televiziyasının, Beynəlxalq Muğam Mərkəzinin solistləridirlər. Bu və ya digər musiqi məktəbinin müəllimləridirlər. Mən onların hər birini muğamımıza gələn yeni nəfəs kimi dəyərləndirirəm. Yeri gəlmişkən, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması da Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir. Odur ki, mən yalnız xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi sayılan muğamımızın sabahına nikbin baxıram.  Hətta deyərdim ki, son illər muğam ifaçılığı sözün əsl mənasında, intibah dövrünü yaşayır.

-Vamiq müəllim, bəzi xanəndələr öz ifaları ilə muğamı dəyişməyə çalışırlar...

-Əvvəla, müqayisə qüsurlu olsa da onu deyim ki, muğam Quran ayələri kimidir. Bu mənada onu dəyişmək olmaz. Unutmayaq ki, muğam əlçatmaz bir zirvədir. Xalq artisti Əlibaba Məmmədov deyərdi ki, o qədər mahnı ərsəyə gətirdim, amma bir muğam ortaya qoya bilmədim.

Tar mənim üçün yalnız musiqi aləti deyil

-Adətən muğam üçlüyündə xanəndə aparıcı olsa da, tarzənin təcrübəsi də öz sözünü həmişə deyir. Bu fikirlə razısınızmı?

-Bəli, elədir. Onu da deyim ki, tarzən, yaxud kamança ifaçısı bir qayda olaraq xanəndədən zövq alır. Yəni ifa zamanı onlardan heç biri nə qabağa düşməlidir, nə də geri qalmalıdır. Bu mənada onların ifası vəhdət təşkil etməlidir. Məsələn, o vaxtı Qurban Pirimovla Cabbar Qaryağdı baxışlarına əsasən bir-birini tamamlayardılar, yəni ifanı nizama salardılar.  Bu isə o deməkdir ki, müşayiət xanəndə ilə vəhdət təşkil etməlidir. Bu mənada demək olar ki, müşayiətin özü də bir elmdir.

- Vamiq müəllim, sizin üçün tar sadəcə, musiqi alətidir?

- Xeyr, tar mənim üçün yalnız musiqi aləti deyil. O, neçə-neçə sənətkarlar ortaya çıxarmış, Mütəllim Mütəllimovu, Əbülfət Əliyevi, Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu, Əlibaba Məmmədovu, Alim Qasımovi, Arif Babayevi, Sabir Mirzəyevi, Vahid Abdullayevi, Ağaxan Abdullayevi, Teyyub Aslanovu, Zahid Quliyevi, Zabit Nəbizadəni, Səkinə İsmayılovanı, Qəndab Quliyevanı, Könül Xasıyevanı  və digərlərini müşayiət etmiş, məni bu səviyyəyə çatdırmış səmimi, həm də əbədi bir dostdur. Ümumiyyətlə, yarpaq ağacdan qopa bilmədiyi kimi, mən də tardan ayrıla bilmirəm. Demək olar ki, hər gün tarı yoxlamaq, onu  kökləmək məndə adət halını alıb.  Mənə elə gəlir ki, onu kökləməsəm, özüm də kökdən düşərəm. Odur ki, həm tarımı, həm də özümü həmişə işlək vəziyyətdə saxlayıram. Bu mənada başqa bir sənəti olmayan Vamiq Məmmədəliyev üçün tar  həyatdır, səadətdir.

-Eşitmişəm, həyətinizdə mis qablardan ibarət muzey açmısınız. Belə bir istək nədən qaynaqlanıb?

- Mən gözümü dünyaya açan gündən evimizdə mis qablar görmüşəm. Rəhmətlik anam o mis qablarda müxtəlif xörəklər bişirərdi. Elə ki, necə deyərlər dövran dəyişməyə başladı, həmin qablara münasibət dəyişdi. Amma mən onlardan əl çəkmədim. Hətta bu və digər rayona yolum düşəndə rast gəldiyim mis qabları toplamağa başladım. Nəticədə həyətimdəki muzeyin kolleksiyasına üç yüzdən yuxarı mis qab toplandı. Bu, mənim həm də dünənimizə olan hörmətimdən, sevgimdən irəli gəlir.

Qvami Məhəbbətoğlu, ”İki sahil”