Regionun ilk KOSMİK Akademiyasının layihələri və hədəfləri
Aprelin 11-də “"Azərkosmos"un nəzdində KOSMİK Akademiyanın mətbuat konfransı keçirilib.
Dünya Aviasiya və Kosmonavtika Günü ərəfəsində təşkil edilmiş tədbirdə yalnız Akademiyanın fəaliyyəti nümayiş etdirilməklə kifayətlənilməyib, həmçinin ölkəmizdə kosmik sənayənin inkişafı istiqamətində atılan strateji addımlar və həyata keçirilən innovativ layihələr barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda, Akademiyanın müasir imkanları, kosmik ekosistemin inkişafındakı rolu və gələcək planları barədə geniş təqdimat və interaktiv sessiya keçirilib.
Mətbuat konfransında KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov qurumun fəaliyyəti və gələcək planları haqqında təqdimatla çıxış edib: “Azərbaycanın kosmik sənaye ölkəsi kimi beynəlxalq nüfuzuna birbaşa müsbət təsir göstərəcək on illiklərlə toplanmış təcrübə, gerçəkləşdirilmiş yerli, regional və beynəlxalq proqramlar milli kosmik ekosistemin inkişafı üçün böyük əqli və elmi miras formalaşdırmışdır. Artıq bu mirasın səmərəli, proqramlı, inteqral istifadə edilməsinə zərurət yaranmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyətlə məşğul olacaq davamlı tədris mərkəzinin (bundan sonra: KOSMİK Akademiya) yaradılması konsepsiyası işlənib hazırlanmışdır”.
Akademiyanın vəzifələrindən söz açan İ.Muxtarov vurğulayıb ki, KOSMİK Akademiya aşağıda qeyd edilən 5 əsas vəzifəni icra edəcəkdir:”Cəmiyyətin kosmos elmi və təhsili istiqamətində ehtiyac və tələbləri nəzərə alınmaqla mövcud maarifləndirmənin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etmək, bununla da ölkənin elmi-texniki inkişafına xidmət etməklə milli kosmik ekosisteminin inkişafına birbaşa faydalar vermək, dayanıqlılığı təmin etmək məqsədilə kosmik maarifləndirici layihələrə sərf edilən vəsaitlərin kommersiya fəaliyyəti ilə geri qaytarılmasını təmin etmək, müvafiq sahədə elmi tədqiqatların aparılmasına dəstək vermək və kadr potensialını inkişaf etdirmək, müvafiq sahədə gənclərin asudə vaxtını səmərəli təşkil etmək və bununla da gənclər siyasətinə dəstək göstərmək,ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək vermək, kosmos diplomatiyası və iri həcmli beynəlxalq kosmik layihələrdə iştirakını təmin etmək”.
Akademiyanın rəhbəri qeyd edib ki, müasir dövrün tendensiyası onu göstərir ki, daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli rəqəmsal və fiziki həllər təklif edən kosmik akademiyaların kosmik sənayedə əhəmiyyəti və bazar payı ildən-ilə artır. “Yeni kosmos” adlanan bu sektor son dövrlərdə əhəmiyyətli investisiyalar cəlb edir - yeni texnologiyalar və metodlar köhnəlmiş sistemləri sıxışdırdıqca ənənəvi kosmik sənaye böyük dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin mahiyyəti kosmosu və kosmik maarifləndirməni daha ucuz, sadə və əlçatan etməkdən ibarətdir. Qeyd olunanları nəzərə alaraq, kosmos elminin və təhsilinin getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir, əlçatan “əmtəə”yə çevirir. Beləcə, yaşadığımız rəqəmsal dövrün əhəmiyyətli bir reallığı kosmos bazarında da özünü göstərmiş olur – yeni dəyərlər artıq sektorun infrastruktur (raketlər, peyklər, yerüstü stansiyalar və s.) tərəfində deyil, həmin infrastruktur vasitəsilə əldə edilən informasiyanın, maarifləndirici, əqli proqramlarının inteqral həlləri nəticəsində yaradılır. Bu baxımdan KOSMİK Akademiya fiziki fəaliyyəti ilə bərabər, rəqəmsal olaraq da dünyanın, ən əsası regionun türk dost ölkələrinin 21 tanınmış universitetinin (Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Nazarbayev Universiteti, Turin Politexnik Universitetinin Daşkənd kampusu və s.) təqdim etdiyi onlayn kosmik platformalar ilə əməkdaşlığı nəzərdə tutulmuşdur. Beləliklə, Şərqdən Qərbə uzanan İpək Yolunun üzərində yerləşən Azərbaycanın kosmik qovşağa çevrilməsində kosmik sənayenin və ekosistemin ayrılmaz, tərkib hissəsi olan Azərkosmos-un nəzdindəki KOSMİK Akademiyanın müstəsna rolu olacaqdır.
İmran Muxtarov diqqətə çatdırıb ki, KOSMİK Akademiya yeni kosmik nəsil gənclərin yetişməsi üçün bu cür layihələrin davamlı olaraq keçirilməsinə imkanlar yaradacaqdır. Hətta gələcəkdə anoloji beynəlxalq kosmik müsabiqələrin milli model əsasında ölkəmizdə keçirilməsi üçün artıq imkanlar vardır. Buna misal olaraq “İsrail Kosmik Agentliyi” (ISA) ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Olimpiada” (International Space Olympics), “Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu” (APRSAF) ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Poster Müsabiqəsi” (APRSAF Space Poster Competition), Beynəlxalq Kosmik Təhsil Şurası (ISEB) ilə əməkdaşlıqda “Kosmik Sahədə Beynəlxalq Tələbə Təcrübə Mübadiləsi” (ISEB International Space Internship for Students) kimi təşəbbüsləri göstərmək olar.
İ.Muxtarov bildirib ki,bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq. Peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq. Layihədə 41 məktəbdən 750 məktəbli iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi, məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq.
Tədbirin davamında KOSMİK Akademiyanın proqramlar və layihələr üzrə meneceri Səkinə Ağalarova -Nadirli Akademiyanın layihələri haqqında məlumat verib.
Çıxışlardan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Yaqut Ağaşahqızı, “İki sahil”