”İki sahil”in həmsöhbətləri builki buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdir
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
”İki sahil”in əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.
Bakının Nizami rayonundakı “Zəngi” liseyinin XI sinif şagirdi Nuray Bayramova Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.
Uğura gedən yol hər zaman çətin ,əziyyətli və keşməkeşli olur
Təəssüratlarını “İki sahil”in əməkdaşı ilə bölüşən Nuray Bayramova bildirdi ki, yüksək nəticə toplayacağıma əmin idim: “Lakin 300 bal toplayacağıma tam əmin deyildim. Nəticələr çıxan an çox sevindim. Buraxılış imtahanının nəticələrini öyrəndikdə yanımda heç kim yox idi. Bu xoş xəbəri əvvəlcə valideynlərimlə, daha sonra müəllimlərimlə bölüşdüm. Bugünkü uğurumda çox böyük dəstəyi və əməyi olan valideynlərimə,müəllimlərimə, təhsil aldığım “Zəngi” liseyinin müəllim kollektivinə təşəkkür edirəm”.
O, uğura gedən yolda əzmkarlıq, fədakarlıq və çalışqanlığın böyük rol oynadığını qeyd etdi: ” Ümumiyyətlə, mən 9-cu sinifdən imtahanlarda maksimum nəticə toplamağı qarşıma hədəf olaraq qoymuşdum. Bu məqsədimə çatmaq üçün daim əzmlə çalışmışam. 9-cu sinifdə də yüksək nəticə göstərərək 294 bal topladıqdan sonra daha da əzmlə çalışaraq nəticəmi maksimuma qaldırmağa çalışdım”.
Nuray Bayramovanın həmyaşıdlarına ən böyük və önəmli tövsiyəsi odur ki, heç zaman arzularından və xəyallarından əl çəkməsinlər. Məqsədlərinə çatmaq üçün daim əzmlə çalışsınlar. Uğura gedən yol hər zaman çətin ,əziyyətli və keşməkeşli olur.
Həmsöhbətimiz IV ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır: “Azərbaycan Tibb Universitetinə qəbul olunaraq, həkim kimi ixtisaslaşmaq uşaqlıq arzumdur. Gələcəklə bağlı ən böyük hədəfim Vətənimə layiqli mütəxəssis kimi özümü formalaşdırıb, xalqıma xidmət etməkdir”.
Abituriyentlərə tövsiyəm odur ki, özlərinə və müəllimlərinə daim inansınlar
Bakının Sabunçu rayonundakı 192 saylı orta məktəbin şagirdi Ülkər Ələkbərova uğurunun sirrindən və gələcək hədəflərindən söz açdı: “Aşağı siniflərdən qarşıma buraxılış imtahanında 300 bal yığmağı məqsəd qoymuşdum və bunu çox istəyirdim. Bu şad xəbəri alanda isə ilk olaraq valideynlərimlə bölüşdüm”.
Ülkər uğurunun sirrindən bəhs edərkən dedi: “Mən ona inanıram ki, bu işin sirri kifayət qədər əziyyət çəkməkdədir. Buna görə daim məqsədli şəkildə çalışmaq lazımdır. Abituriyentlərə tövsiyəm isə odur ki, özlərinə və müəllimlərinə daim inansınlar. Uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm. Xüsusilə valideynlərimə və məktəbimizin müəllimlərinə minnətdaram”.
Həmsöhbətimiz III ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır: “İnşallah gələcəkdə millətim, Vətənim üçün faydalı bir hüquqşünas olmaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olunmaq istəyirəm”.
Təhsildə uğur qazanmaq mənim həyatımdakı ən başlıca hədəflərimdən biridir
Bakının Sabunçu rayonundakı 295 nömrəli tam orta məktəbin XI sinif şagirdi Tovuz Seyidova da “İki sahil”ə təəssüratlarını bölüşdü: “Buraxılış mtahanından çıxanda cavab vərəqimdə yazdıqlarımla, etalon cavabları yoxlayanda gördüm ki, hamısı düzdür, amma yenə də cavablar çıxanadək heç kəsə 300 bal gözlədiyimi demədim. Lakin 300 yığacağıma əmin idim. Həyəcanla nəticələrin çıxmağını gözləyirdim. Xoş xəbəri ilk olaraq atama, sonra isə müəllimlərimə, məktəb rəhbərliyinə çatdırdım. Çünki həqiqətən də hamısının üzərimdə əməyi böyük olduğundan xəbəri ilk olaraq onlarla bölüşdüm. Valideynlərimə, müəllimlərimə, məktəb rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm. Onlar mənə həmişə inanıb, dəstək olublar. Uğuruma görə onlara borcluyam”.
Tovuz Seyidovanın sözlərinə görə, uğurunun sirri çox çalışmaq, əzmkar və məqsədli olmaqdır: “Təhsildə uğur qazanmaq mənim həyatımdakı ən başlıca hədəflərimdən biridir. Bu hədəfə çatmaq üçün də 1-ci sinifdən indiyə kimi inamla çalışmışam. Abituriyentlərə tövsiyəm odur ki, ilk növbədə özlərinə inansınlar, qarşılarına hədəf qoysunlar. Çünki hədəfin varsa və həmin hədəf uğrunda çalışırsansa, mütləq istədiyinə nail olacaqsan”.
Həmsöhbətim vurğuladı ki, I ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır: ”Gələcəkdəki arzum blok imtahanından da 400 yığıb, maksimum nəticə 700 bal toplamaqdır. Uşaqlıqdan bəri kompyuterlərə marağım var. Riyaziyyat müəllimim həmişə məndə riyaziyyata qarşı çox böyük maraq, həvəs yaradıb. Buna görə də uşaqlıqdan mən özümü həmişə 1-ci qrupda təsəvvür eləmişəm. Bakı Ali Neft Məktəbində ali təhsil almaq istəyirəm”.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Əziz gənclər, hər birimizi təbrik edir və sizin timsalınızda bütün abituriyentlərə bundan sonrakı təhsil pillələrində uğurlar arzulayırıq!
Yaqut Ağaşahqızı, “İki sahil”