11 aprel 2025 21:51
393

Qarabağ və Şərqi Zəngəzur bölgəsi ölkənin ən böyük sənaye kompleksi olacaq

Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəmiz üçün prioritet məsələdir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Üstəlik iqtisadiyyat da dirçəldilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərir.

Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib: “Biz, eyni zamanda, öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq, xüsusən də Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrində”. Bütün bunlar Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ölkənin ən böyük sənaye kompleksi olacağından xəbər verir.

Ötən müddət ərzində keçmiş məcburi köçkünlər Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca, Ağdərə rayonunun Həsənriz və Ağdamın Sarıcalı kəndlərinə köçürülüblər. Yeri gəlmişkən, qeyd edək ki, bu ayın 10-da Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı - 39 ailə (153 nəfər) yola salınıb.

Milli Məclisin deputatı Jalə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, böyük Zəfərimizdən dərhal sonra 30 il ərzində Ermənistan tərəfindən darmadağın edilmiş Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmağa başladıq: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq bu məkanlarda yeni həyat başlayır. Bu gün də həmin ərazilərimizdə bərpa-quruculuq işləri günün tələbləri səviyyəsində sürətlə davam edir. Özü də bütün bunlar ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Həmin məkanlara keçmiş məcburi köçkünlər də yerləşdirilməkdədir. Artıq Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bir qismi işğaldan azad edilmiş ərazilərdə məskunlaşıb. Şübhəsiz, bu kimi addımlar Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin izlərini silir. Bu məqamda dövlət başçımızın çıxışlarının birində dediyi bu sözlərini xatırlatmaq yerinə düşər: “Əminəm ki, biz düşməni cəmi 44 gündə öz torpaqlarımızdan qovduğumuz kimi, tarixi torpağımızı – Qarabağımızı da ən qısa müddətdə bərpa edəcəyik”. Şübhəsiz, bütün bunlar həmin məkanların yenidən öz əzəmətlərinə qayıdacağı deməkdir. Bunu həm də  Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi qiymət kimi dəyərləndirmək olar. Doğma yurd-yuvalarına  qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edir, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirlər”.

“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövləti üçün prioritet məsələdir” deyən millət vəkili, həmçinin vurğuladı ki, bu ərazilərdə görülən bütün bu işlər  dünyaya bir mesajdır ki, Azərbaycan qurub-yaradan bir dövlətdir: “Bu, həm də dövlətimizin işğaldan azad olunan torpqların bərpası məsələsinə nə qədər həssas yanaşdığını açıq-aydın göstərir. Hətta buna görə bütün dünya ölkəmizə həsəd aparır. Dövlət başçımızın sözləri ilə desək, çünki  bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməyib. Bununla da Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu, Ermənistandan fərqli olaraq əmin-amanlığa nə dərəcədə önəm verdiyini bir daha sübut edir. Azərbaycan Qarabağda  və Şərqi Zəngəzurda abadlıq-quruculuq işlərini davamlı olaraq aparmaqla həm də regionda sülhə töhfə verir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”