18 aprel 2025 20:11
233

Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı keçirdikləri birgə mətbuat konfransında hər zaman oıduğu kimi, önəmli açıqlamalar verdi. Bu açıqlamalar həm bütün sahələr üzrə inkişaf etməkdə olan Azərbaycan-Gürcüstan münasibətləri, həm də regional münasibətlərin  tənzimlənməsi, gələcək perspektivlər baxımından əhəmiyyətli idi.
 
Əsrlər boyu  sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayan xalqlarımız bu münasibətləri bu gün də inkişaf etdirirlər. Gürcüstan və Azərbaycan yaxşı tərəfdaş kimi bu günə qədər  bir çox önəmli layihələri icra ediblər. Hökümətlərimiz arasında yüksək səviyyəli  təmaslar, fəal siyasi dialoq mövcuddur. Bir sözlə, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Mətbuat konfransındakı çıxışında Prezident İlham Əliyev  Azərbaycanın və Gürcüstanın birgə həyata keçirtdikləri neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri haqqında danışaraq, bu layihələri nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr olaraq dəyərləndirərək dedi: "Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir."

Mətbuata açıqlamaları zamanı Prezident İlham Əliyev Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxundu. Azərbaycan Prezidenti Azərbaycanın və Gürcüstanın  Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verdiyini, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinin bizim birgə maraqlarımıza cavab verdiyini,  həm Gürcüstanın, həm də  Azərbaycanın bunun üçün  böyük səy göstərdiyini bildirdi.  "Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq", deyə söyləyən dövlət başçımız,  Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini vurğuladı.
 
Jalə Əliyeva
Millətvəkili,
Milli Məclisin Ailə,qadın uşaq məsələləri komitəsinin sədr müavini