Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin inaqurasiyadan sonra ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında formalaşmış strateji münasibətlərin təzahürüdür. Bu, sadəcə diplomatik protokolun tələbi deyil, eyni zamanda Gürcüstanın xarici siyasətində Azərbaycana verilən önəmin və regionun geosiyasi sabitliyi naminə bu əməkdaşlığın nə qədər əhəmiyyət daşıdığının göstəricisidir. Azərbaycan və Gürcüstan arasında münasibətlər təkcə mehriban qonşuluq prinsiplərinə deyil, həm də ortaq maraqlar, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik və digər aspektlərə söykənir. Prezident Mixeil Kavelaşvilinin ilk rəsmi səfəri çoxşaxəli əlaqələrin yeni mərhələyə keçəcəyini, siyasi dialoqun daha da intensivləşəcəyini və xüsusilə enerji, nəqliyyat, yaşıl enerji və təhlükəsizlik sahələrində birgə layihələrin genişlənəcəyini ehtiva edir. Məhz bu səfər çərçivəsində Prezident İlham Əliyevlə Gürcüstanın dövlət başçısı Mixeil Kavelaşvilinin təkbətək görüşü, hər iki liderin mətbuata bəyanatlarla çıxışı deyilənləri təsdiq edir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi.
Debutat qeyd etdi ki, mətbuata bəyanatlarla çıxışı zamanı ölkə başçımız vurğuladı ki, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinerji yaratmış və orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev həm ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" beynəlxalq Forumda həm də Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə ikitərəfli münasibətlərə dair mühüm mesajlar verdi. Onun Gürcüstanla bağlı səsləndirdiyi fikirlər bu ölkənin etibarlı tərəfdaş, regionun təhlükəsizlik və iqtisadi inteqrasiyasında mühüm aktor kimi təqdim edir. Xüsusilə də Prezident İlham Əliyevin "Azərbaycan və Gürcüstan arasında münasibətlər sadəcə qonşuluq deyil, bu strateji əməkdaşlıq Cənubi Qafqazın gələcəyinə yönəlik ortaq vizionun məhsuludur" fikri iki dövlətin regional və qlobal miqyasda koordinasiyalı şəkildə çıxış etdiyini göstərir.
Elçin Mirzəbəyli vurğuladı ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərə töhfə vermir, həm də Cənubi Qafqazın sabitliyi və inteqrasiyası üçün əsas baza rolunu oynayır. Regionda sülh gündəliyinin təşviqi, postmünaqişə dövrünün bərpası, nəqliyyat dəhlizlərinin açılması və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından rəsmi Bakı və Tbilisinin ortaq maraqları üst-üstə düşür. Bu kontekstdə Gürcüstanın rəsmi Bakı nümunəsində balanslaşdırılmış siyasəti Azərbaycanın enerji və iqtisadi gücü regional sabitliyin formalaşmasında mühüm rol oynayır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk səfəri iki ölkə arasındakı dərin strateji münasibətlərin və qarşılıqlı etimadın bariz nümunəsidir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda Gürcüstanla bağlı fikirləri bu əməkdaşlığın yalnız regional deyil, eyni zamanda, qlobal çərçivədə əhəmiyyət daşıdığını göstərir. Azərbaycan-Gürcüstan tərəfdaşlığı isə Cənubi Qafqazda davamlı sülh, iqtisadi inkişaf və təhlükəsizlik üçün mühüm təməldir.
Səbinə Kazımova, "İki sahil"