Azərbaycan və Gürcüstan arasında dostluq, strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlə ildən-ilə daha da inkişaf edir. Çünki, bizim ortaq maraqlarımız bölgənin inkişafı ilə bağlı konkret vizionumuz və prinsiplərimiz mövcuddur. Gürcüstanın da son illər ərzində müstəqil siyasət yürütməsi təqdirəlayiqdir. Baxmayaraq ki, müxtəlif güc mərkəzləri Gürcüstanın siyasi elitasına təsir etmək üçün əllərindən gələni etdilər. "Xarici agentlər" haqqında qanunun çətinliklə də olsa qəbul olunmasında, prezident seçkilərinin keçirilməsində böyük ziddiyyətlər, çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirildi. Son seçkilərdə Gürcüstanda olan soydaşlarımız fəal iştirak etdi və bu da hesab edirəm ki, ikitərəfli münasibətlərə təsir edən amildir.
Bu fikirləri politoloq İlyas Hüseynov “İki sahil”ə açıqlamasında bildirdi.
Ekspert qeyd etdi ki, bölgədəki nəqliyyat və enerji siyasətinin formalaşması və kommunikasiya əlaqələrinin inkişafında da Bakı və Tbilisi fəal rol oynayırlar. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Cənub Qaz Dəhlizinin ən önəmli başlanğıc seqmenti hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi hesab edirəm ki, böyük tarixi nailiyyətdir. Bu gün dünyada gedən proseslər fonunda enerji və nəqliyyat məsələlərinə kifayət qədər ciddi diqqət ayrılır. Bu uğurlar Azərbaycanın prinsipial mövqeyi, dövlət başçımızın siyasi iradəsi sayəsində mümkün olmuşdur.
Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri, onun xarici ölkələrə ilk səfəridir və bu da Gürcüstan Prezidentinin Azərbaycana verdiyi dəyər kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu rəmzi əlamət daşıyan səfər ikitərəfli münasibətlərdə yeni bir səhifənin başlanğıcı olacaq.
Səbinə Kazımova, "İki sahil"