İndoneziya ABŞ-nin ölkə mallarına tətbiq etdiyi 32 % idxal rüsumları ilə bağlı Vaşinqtonla yaranmış fikir ayrılıqlarını 60 gün ərzində həll etməyi planlaşdırır.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın iqtisadiyyat məsələləri üzrə əlaqələndirici naziri Airlanqqa Hartarto bildirib.
"Biz 60 gün ərzində bu razılaşmaların iki ölkə arasında bağlanan sazişlərdə öz əksini tapacağına ümid edirik", - o qeyd edib.
Nazirin sözlərinə görə, hökumət ABŞ administrasiyasının nümayəndələri ilə “fəal şəkildə dialoq qurur”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib. Ağ Ev bu addımın ticarət danışıqlarının aparılması ilə əlaqədar atıldığını və bu müddət ərzində 10 % həcmində universal tarifin tətbiq olunacağını qeyd edib.