Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib
Energetika naziri Pərviz Şahbazov Albaniyanın Korça şəhərinin qazlaşdırma layihəsi-Nur layihəsinin təqdimatına həsr olunmuş tədbirdə iştirak edib. Albaniyanın Baş naziri Edi Rama, Baş nazirinin müavini - infrastruktur və energetika naziri Belinda Balluku, şəhərin meri, millət vəkilləri və “SOCAR Balkan” şirkətinin icraçı direktoru Murad Heydərovun da qatıldığı mərasimdə layihənin inkişafına və növbəti addımlara dair təqdimat nümayiş olunub.
Baş nazir Edi Rama deyib: “Bu təşəbbüsün həyata keçirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi misilsizdir. O, Albaniyanın və alban xalqının ən böyük dostudur. Bu layihə Albaniya üçün olduqca vacib və strateji bir dövrə təsadüf edir. Hazırda Albaniya regionda ən yüksək həcmdə enerji istehsal edən ölkəyə çevrilmək ərəfəsindədir. Bele strateji bir layihənin uğurla həyata keçirilməsi yalnız beynəlxalq əməkdaşlıq ilə mümkündür. Azərbayca ilə dostluğumuzun göstəricisi olan bu layihənin 2026-cı ilin sonunadək reallaşmasını və Korça əhalisinin qazla təmin olunmasını gözləyirik.”
Energetika naziri Pərviz Şahbazov isə çıxışında bu layihəni hər iki ölkənin dövlət başçılarının dostluğa əsaslanan tərəfdaşlıq əlaqələrimizin inkişafına xidmət edən strateji baxış və qərarlarının təzahürü, eyni zamanda yüksək səviyyəli Azərbaycan-Albaniya münasibətləri və enerji əməkdaşlığının mühüm nəticəsi kimi dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verdiyini vurğulayan nazir enerji sahəsini bu əməkdaşlığın strateji istiqaməti kimi qeyd edib. Azərbaycan və Albaniyanın Cənub Qaz Dəhlizinin üzvləri kimi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji tədarükünün şaxələndirilməsində uğurla əməkdaşlıq etdiyi, bu müddətdə 45,5 milyard kubmetr Azərbaycan təbii qazının Albaniya ərazisindən keçərək Avropa bazarlarına çatdırıldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi Avropada qaz təchizatımızın coğrafiyası genişlənəcək. Bu prosesdə Avropa ölkələrinin qazpaylayıcı infrastrukturunun yaradılması ilə bağlı fəaliyyətimizin xüsusi rolu var və bu çərçivədə Albaniya Azərbaycanın önəm verdiyi ölkədir.
Nazir Pərviz Şahbazov deyib: “Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycanın investisiyaları hesabına SOCAR tərəfindən həyata keçiriləcək. Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə strateji və rəmzi əhəmiyyət daşıyır. Layihə Albaniyanın enerji təchizatını şaxələndirəcək, iqlim gündəliyini dəstəkləyəcək və dekarbonizasiya hədəflərinə nail olunmasına töhfə verəcək. Bu təşəbbüs, həmçinin enerji çıxış imkanlarının genişlənməsini, eləcə də kömür və odun kimi ənənəvi yanacaq növlərindən asılılığın azalmasını dəstəkləyəcəkdir. Albaniya tranzit ölkə olmaqla yanaşı, həm də qaz qəbul edən və istehlak edən ölkəyə çevriləcəkdir.”
Nazir enerji tərəfdaşlığımızın “yaşıl enerji” sahəsində genişlənməsi üçün böyük potensiala malik olduğunu vurğulayaraq, Hökumətlərarası Komissiya çərçivəsində də birgə səylərin bu imkanların reallaşdırılmasına, infrastruktur layihələrinin icrasına və qarşılıqlı investisiyaların təşviqinə yönəldiyini bildirib.
Tədbirdə ötən ilin noyabrında Bakıda COP çərçivəsində SOCAR ilə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasından sonra “SOCAR Gas Albania” ofisinin fəaliyyətə başlaması müsbət qiymətləndirilib, növbəti mərhələ üzrə proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.