23 aprel 2025 13:35
111

AMB sədri: ABŞ-ın tarif siyasətinin Azərbaycana təsirini qiymətləndirmək hələ tezdir

ABŞ-ın tarif siyasətinin Azərbaycana təsirini qiymətləndirmək hələ tezdir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ ilə ticarət həcmimiz elə də böyük deyil və tariflər təxminən 10 % artıb: "Dolayı yolla təsiri ola bilər, lakin bu təsiri tam qiymətləndirmək üçün hələ vaxt lazımdır. Artıq bir sıra Avropa və Asiya ölkələri yüksək tariflərdən irəli gələrək yeni bazarlara fokuslanır ki, bu da təklifin artmasına və qiymətlərin azalmasına səbəb ola bilər".

T. Kazımov hesab edir ki, ümumilikdə, tarif müharibəsinin Azərbaycanda qiymətlərin kəskin artımına səbəb olacağını demək olmaz; "AMB-nin mövqeyinə görə, belə bir təsir gözlənilmir. Effektin konkret ölçüsünü müəyyənləşdirmək üçün əlavə araşdırma və zaman tələb olunur".

AMB sədri vurğulayıb ki, ABŞ-ın hansı məhsullara daha yüksək tarif tətbiq etdiyini nəzərə almaq vacibdir: "Azərbaycan istehsalçıları yeni tələblərə uyğun eyni adda məhsullar təqdim etməklə ixrac həcmlərini artıra bilərlər".