23 aprel 2025 17:13
153

Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib

Aprelin 23-də Naxçıvanda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif  şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.  

“İki sahil” xəbər verir ki,  Olimpiadanın açılış tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının  şöbə müdiri Elşən Qəbulov Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsilə göstərilən qayğıdan danışıb, şagirdlərə olimpiadanın qaydaları haqqında məlumat verib.  
Olimpiadada muxtar respublikanın ümumtəhsil müəssisələrindən 72 məktəbli  12 komandada  mübarizə aparıb. Komandalara riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elimləri, mədəniyyət və incəsənət olmaqla beş müxtəlif istiqamətlər üzrə ümumilikdə 25 sual təqdim olunub. 
Bilik yarışında 54 xalla Naxçıvan komandası regional mərhələnin qalibi olub və respublika mərhələsində Naxçıvanı təmsil etmək hüququ qazanıb. 
Məlumat üçün bildirək ki, may ayında paytaxt Bakıda keçiriləcək  olimpiadanın respublika mərhələsində  Naxçıvan Muxtar Respublikasını  bilik yarışı və şahmat turniri istiqaməti üzrə 2 komandamız   təmsil edəcək ki, hər iki komandanın üzvləri Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləridir. 

Olimpiadanın keçirilməsində Naxçıvan Dövlət Universitetinin könüllüləri də yaxından iştirak edib. Bədi hissədə Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri rəqs və musiqi nömrələri ilə çıxış ediblər. 

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.