24 aprel 2025 10:48
310

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

“İki sahil” xəbər verir ki, layihə çərçivəsində keçiriləcək tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı paneli 29 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi apacaq.

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclər teatrına müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.