Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirməkdədir. Bu isə Qərbdə, xüsusən də Avropa İttifaqı və onun üzv dövlətlərindəki bəzi dairələrin maraqları ilə üst-üstə düşmür. Nəticədə həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov aprelin 24-də parlamentdə keçirilən “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bu fəaliyyətlər daha aydın şəkildə özünü göstərməyə başlayıb.
Avropa İttifaqının Ermənistandakı missiyalarından danışan Ramid Namazov deyib: “Avropa İttifaqı və digər ölkələrdə hər hansı bir missiyanın yaradılması üçün hüquqi əsas olaraq iki şərt mövcuddur - ya tərəfdaş ölkənin dəvəti olmalıdır, ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi. Ermənistandakı missiyalara gəldikdə isə biz tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Bu günə qədər Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb. Bunlardan biri və ya birincisi qismən hüquqi əsaslara söykənsə də, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdid yaradan missiyalar kimi qiymətləndirilə bilər”.