24 aprel 2025 11:45
102

Qeyri-sabitlik şəraitində regionun təklif etdiyi logistik həllər strateji əhəmiyyət kəsb edir

Neft-qaz bazarında yüksək dinamika və qeyri-sabitlik şəraitində regionumuzun təklif etdiyi logistik həllər strateji əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat” Forumunda “SOCAR Trading”in kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə bildirib.

"Sahəmiz üçün əsas amillərdən biri hasilat göstəriciləri və emal marjası olaraq qalır. Son illərin rekord səviyyələrindən sonra marjanın azalmasını müşahidə edirik. Onlar hələ də rentabelliyi dəstəkləsə də, göstəricilər tədricən 2019-2021-ci illərin səviyyələrinə qayıdır. Bundan başqa, keçən həftə qurudakı qlobal neft ehtiyatları əsasən Çinin hesabına təxminən 20 milyon barel azalıb", - o qeyd edib.

T.Tağızadənin sözlərinə görə, Səudiyyə Ərəbistanı OPEC qarşısındakı öhdəlikləri çərçivəsində bazara əlavə olaraq gündəlik 500 min barel neft tədarük etməyə davam edir və ümumi hasilatı gündəlik 9 milyon barel səviyyəsində saxlayır.

"Eyni zamanda, Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım proqnozunu 2,8 %-ə qədər azaldıb ki, bu da sahə üçün mənfi siqnaldır. Mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları sahəsində qeyri-müəyyənlik hökm sürür, xam neftin nəqli sektoru isə real sanksiyalar və davamlı təzyiqlə üzləşir. Neft qiymətlərinin bir diapazonda dəyişməyə davam etməsi stres və volatilliyi artırır. Mövcud qiymət səviyyələrinin beynəlxalq qiymət məhdudiyyətlərinə uyğun olması isə Rusiya neftinin müəyyən edilmiş limitlər çərçivəsində ticarətinə imkan verir", - o əlavə edib. (“Report”)